ABŞ və Ukrayna müharibənin dayandırılması üçün Cenevrədə ikitərəfli görüşlərə başlayıb
Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatdırılması məqsədilə həyata keçirilən diplomatik səylər çərçivəsində ABŞ və Ukrayna nümayəndə heyətlərinin İsveçrənin Cenevrə şəhərində ikitərəfli danışıqlara başladığı bildirilib.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov sosial media hesabı vasitəsilə məlumat yayıb.
Umerov qeyd edib ki, Cenevrədə davam edən proses çərçivəsində ABŞ Prezidenti Donald Trampın müşaviri Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffdan ibarət Amerika heyəti ilə ikitərəfli görüşlərə start verilib. Ukrayna tərəfini bu danışıqlarda Umerovla yanaşı, Oleksiy Sobolev, Darına Marçak və David Araxamiya təmsil edir.
Görüşün əsas gündəliyini Ukraynanın iqtisadi bərpası üçün hazırlanan "rifah paketi", investisiyaların cəlb edilməsi mexanizmləri və uzunmüddətli əməkdaşlıq çərçivələri təşkil edir. Umerov həmçinin həmkarı Araxamiya ilə birlikdə Rusiyanın da iştirak edəcəyi və martın əvvəlində keçirilməsi planlaşdırılan növbəti üçtərəfli danışıqlar raunduna hazırlıq məsələlərini müzakirə edəcəklərini bildirib.
Danışıqlarda humanitar məsələlər və əsir mübadiləsi mövzusunun da prioritet olduğu, konkret nəticələrin əldə edilməsinə fokuslanıldığı vurğulanıb. Məlumat üçün bildirək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli müzakirələrin əvvəlki mərhələləri yanvar və fevral aylarında Əbu-Dabi və Cenevrədə baş tutsa da, hələlik tərəflər arasında yekun razılaşma əldə olunmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu görüşlərin liderlər səviyyəsində birbaşa təmaslara yol açacağına ümid etdiyini bəyan edib.

