Ramiz Əzizbəylinin kürəkəni həbs edildi


Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

AFN.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.

Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onların zərərçəkmişlərə vurduğu ziyan 600 min manatdan çoxdur.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rüfət Qasımzadə bu ilin fevral ayından külli miqdarda dələduzluqda ittiham olunur. Onunla bağlı sosial şəbəkədə məlumat yayılıb və polis tərəfindən araşdırma aparıldığı bildirilib.

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıblar.

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu