Fransa Senatı XVII əsrə aid köləlik qanununun ləğvini yekdilliklə dəstəkləyib
Fransa Senatı XVII əsrdə ölkənin müstəmləkələrində köləliyin hüquqi statusunu müəyyən edən qanunun ləğvini yekdilliklə təsdiqləyib.
AFN.az xəbər verir ki, səsvermə Senatın rəsmi saytında yayımlanıb. Sənəd mayın 28-də parlamentin aşağı palatası olan Milli Assambleyada da yekdilliklə qəbul edilib.
Qanun hökuməti müstəmləkə hüququnun irsi, onun uzunmüddətli nəticələri və köləlik tarixinin məktəb proqramlarında əks olunması barədə hesabat hazırlamağa məcbur edir. "Ouest-France" qəzetinin yazdığına görə, sənəd bir sıra xarici ərazilərin tələb etdiyi təzminat məsələsinə toxunmur.
1685-ci ildə Kral XIV Lüdovikin dövründə qəbul edilən “Qara kodeks” kölələri hüquqi baxımdan daşınar əmlak kimi müəyyənləşdirir, sahiblərin hüquqlarını və ölüm cəzası da daxil olmaqla cəzaları tənzimləyirdi. Fransada köləlik 1848-ci ildə ləğv edilsə də, əvvəlki qanunvericilik aktlarının rəsmən aradan qaldırılması məsələsi açıq qalmışdı. Yeni qanun bu hüquqi boşluğu aradan qaldırmağı hədəfləyir.


