Kolumbiyada qanunsuz qızıl mədənində uçqun nəticəsində 14 nəfər ölüb



Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl hasilatı aparılan mədəndə baş verən uçqun nəticəsində 14 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. 

AFN.az xəbər verir ki, milli mətbuatda yayılan məlumata görə, hadisə Narino inzibati bölgəsində, El-Çambero və Bellavista yaşayış məntəqələri arasındakı mədəndə baş verib.

Uçqun nəticəsində 14 nəfərin meyiti tapılıb, yaralanan 7 nəfərin müalicəsinə başlanılıb.

Narino qubernatoru Luis Alfonso Eskobar yerli mətbuata açıqlamasında həlak olanların ailələri ilə həmrəylik ifadə edib. O, hazırda əsas prioritetin insanların həyatını qorumaq, ailələrə dəstək olmaq və bu ağır fövqəladə vəziyyətə vaxtında müdaxilə etmək olduğunu bildirib.

Yerli mətbuatın məlumatına görə, uçqun altında hələ də mədənçilərin qaldığı ehtimal olunur və axtarış-xilasetmə işləri davam edir. Hadisə nəticəsində ölənlərin sayının artacağından narahatlıq var.

Uçqunun baş verdiyi bölgə narkotik ticarətindən və qanunsuz mədənçilikdən əldə olunan gəlirlərə nəzarət etmək istəyən silahlı qruplar arasında toqquşmalarla tanınır.

Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsi (UNGRD) həlak olanların cəsədlərinin və yaralıların bölgə sakinləri ilə axtarış-xilasetmə qrupları tərəfindən ekskavatorların köməyi ilə çıxarıldığını bildirib.

Avqust ayında Kolumbiyanın eyni bölgəsində baş verən oxşar mədən qəzasında 13 nəfər həyatını itirmişdi.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, qanunsuz qızıl hasilatı və narkotik qaçaqmalçılığı solçu partizan qruplarının və cinayətkar təşkilatların əsas gəlir mənbələri sırasındadır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu