Rusiya Ukraynada 4 quru yük gəmisini və logistika mərkəzlərini vurub
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa vilayətində 4 quru yük gəmisinin, Xmelnitski və Volın vilayətlərində isə logistika mərkəzlərinin pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu bildirib.
AFN.az xəbər verir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan logistika və liman infrastrukturu obyektlərinə, eləcə də gəmilərə qarşı PUA hücumlarını davam etdirdiyi qeyd olunub.
Açıqlamada Xmelnitski vilayətində Ukrayna ordusu üçün hərbi və ikili təyinatlı yüklərin saxlandığı Grand Import logistika mərkəzinin vurulduğu bildirilib. Həmçinin Volın vilayətinin Kovel yaşayış məntəqəsində Ukrayna ordusuna məxsus yük və materialların saxlanması və paylanması üçün istifadə edilən Vindor Trans Servis şirkətinə aid nəqliyyat və logistika mərkəzinin hədəf alındığı qeyd olunub.
Odessa vilayətindəki Reni limanında Ukrayna ordusu üçün hərbi və ikili təyinatlı yükləri boşaldan 3 quru yük gəmisinin, eləcə də yükləmə-boşaltma terminallarının fəaliyyətini təmin edən liman infrastrukturu obyektlərinin vurulduğu bildirilib. Açıqlamada Odessa limanına hərbi yük daşıyan başqa bir quru yük gəmisinin də dənizdə hərəkətdə olarkən vurulduğu qeyd edilib.
Rusiya Müdafiə Nazirliyinin digər açıqlamasında isə hava hücumundan müdafiə sistemlərinin gecə ərzində müxtəlif bölgələrdə Ukraynaya məxsus təyyarə tipli 136 PUA-nı məhv etdiyi bildirilib.

