Kaya Kallas: Rusiya ərzaq məhsullarından qəsdən silah kimi istifadə edir
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qara dənizdə gəmilərə qarşı hücumlara görə Rusiyanın məsuliyyət daşıdığını və Moskvanın bu hücumlarla ərzaq məhsullarından qəsdən silah kimi istifadə etdiyini iddia edib.
AFN.az xəbər verir ki, Kallas Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında Qara dənizdə gəmilərə qarşı hücumlarla bağlı keçirilən müzakirələrdə çıxış edib.
Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatları (PUA) ilə Qara dənizdə son 10 gündə 6 hücumun baş verdiyini bildirən Kallas bu hadisələrin təhlükəli və qəbuledilməz eskalasiyaya işarə etdiyini deyib. O, Moskvanın iyulun ortalarından bəri Ukraynanın ixrac etdiyi məhsullara hücumlarını intensivləşdirdiyini iddia edib.
Kallas Ukraynada istehsal olunan taxılın beynəlxalq bazarlara çatdırılması üçün Qara dənizin ən mühüm marşrut olduğunu vurğulayaraq, Rusiyanın ərzaq məhsullarından qəsdən silah kimi istifadə etdiyini və xüsusilə Afrika, Asiya və Yaxın Şərq başda olmaqla, qlobal ərzaq təhlükəsizliyinə zərər vurduğunu bildirib.
Aİ və Ukraynanın quru yolu ilə yaratdığı marşrutlar vasitəsilə həyata keçirilən taxıl ixracının iyul ayından bəri 2 milyon ton artdığını qeyd edən Kallas Rusiyanın artıq Moldova, Rumıniya və Polşa ilə sərhəd keçidlərini də hədəf aldığını, bunun alternativ marşrutları da risk altına saldığını deyib.
Kallas Qara dəniz və Dunay çayı boyunca təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Rumıniya və Bolqarıstanın Aİ-nin dəstəyi ilə birgə yaradacağı Qara dəniz Dəniz Təhlükəsizliyi Mərkəzinin vəziyyət barədə məlumatlılığı artıracağını bildirib.
Aİ-nin daha sürətli kollektiv qərarvermə mexanizmlərinə ehtiyac duyduğunu deyən Kallas təklif olunan fövqəladə vəziyyət protokolunun genişmiqyaslı hibrid böhranlar zamanı təcili siyasi məsləhətləşmələri və daha yaxşı koordinasiyanı təmin etməyi hədəflədiyini bildirib. Onun sözlərinə görə, buraya NATO ilə koordinasiya da daxildir.
Kallas Türkiyə, Hindistan və digər beynəlxalq tərəfdaşlarla Qara dənizdə sərbəst gəmiçilik hüququnu təmin edəcək mexanizm üzərində çalışdıqlarını qeyd edib. O bildirib ki, belə bir addım həm insan həyatını, həm də həyati əhəmiyyət daşıyan təchizatın təhlükəsizliyini qoruyacaq.
Ukraynanın Qara dənizdə sərbəst gəmiçilik hüququnun təmin edilməsi ilə bağlı təklif irəli sürdüyünü, Rusiyanın isə bunu rədd etdiyini bildirən Kallas Moskva üzərində təzyiqin və Kiyevə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
