Kaya Kallas: Hörmüzün təhlükəsizliyi üçün güclü koalisiyaya ehtiyac var
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas Hörmüz boğazındakı gərginliyin dəniz təhlükəsizliyi sahəsində güclü beynəlxalq koalisiyaya ehtiyac olduğunu göstərdiyini bildirib.
AFN.az xəbər verir ki, Kallas bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Təhlükəsizlik Şurasının "Aİ-BMT əməkdaşlığı" sessiyasında çıxışı zamanı danışıb.
Çoxtərəfliliyə və beynəlxalq hüquqa sadiqliyin yenilənməsi çağırışını edən Kallas dəniz yollarının getdikcə daha çox mübahisəli hala gəldiyini, təhdidlərin gəmi marşrutlarına hücumlardan sualtı infrastrukturun sabotajına qədər genişləndiyini qeyd edib. O, Hörmüz boğazında baş verənlərin dəniz təhlükəsizliyi üçün ən açıq çağırış olduğunu və əsas hədəfin bu marşrut üzərindən bütün daşımalar üçün təhlükəsiz keçidin təmin edilməsi olduğunu vurğulayıb.
Qlobal təhlükəsizliyin, iqtisadi sabitliyin və enerji təchizatının dəniz təhlükəsizliyi ilə sıx bağlı olduğuna işarə edən Kallas Aİ-nin xüsusilə BMT-nin Dəniz Hüququ Konvensiyasına zidd olan və naviqasiya azadlığını məhdudlaşdıran cəhdlərə qarşı dayanmağa davam edəcəyini bildirib. Bu kontekstdə Yaxın Şərqdəki gərginliklə yanaşı Rusiya-Ukrayna müharibəsinə də toxunan Ali Nümayəndə bu iki münaqişə bölgəsinin İkinci Dünya Müharibəsindən bəri beynəlxalq hüququn ən ciddi şəkildə pozulduğu sahələr olduğunu deyib.
Kallas həmçinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququndan həddən artıq istifadə etməsinin problemlərin həllini çətinləşdirdiyini qeyd edərək kütləvi qırğın halları zamanı veto hüququnun məhdudlaşdırılması istiqamətində islahatların vacibliyinə diqqət çəkib. O, əsas məsələnin hazırkı axsayan çoxtərəfli sistemi hər kəsin xeyrinə işləyən struktura çevirmək olduğunu vurğulayaraq çıxışını tamamlayıb.
