Kallas: Avropanın müdafiə imkanlarında ciddi boşluqlar var



Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropanın müdafiə imkanlarında ciddi boşluqların olduğunu və diqqəti onların necə aradan qaldırılmasına yönəltməli olduqlarını bildirib.

AFN.az xəbər verir ki, Kallas Brüsseldə keçirilən Aİ müdafiə nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlama verib.

O bildirib ki, toplantıda Avropa Müdafiə Agentliyinin (EDA) hazırladığı Aİ-nin müdafiəyə hazırlıq vəziyyəti ilə bağlı hesabatı müzakirə edəcəklər.

Kallas müdafiə sahəsində çox iş gördüklərini və müdafiə yatırımlarının artdığını deyib. Bununla yanaşı, müdafiə imkanlarında böyük boşluqların olduğunu qeyd edən Kallas diqqətin artıq bu boşluqların praktiki olaraq necə aradan qaldırılmasına yönəldilməsinin vacibliyini vurğulayıb.

Kallas üzv ölkələrin ümumilikdə ümumi daxili məhsulunun orta hesabla 2,2 faizini müdafiəyə ayırdığını və bunun özlüyündə çəkindirmə amili yaratdığını bildirib.

Kallas kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın Aİ-ni Ukraynaya verdiyi dəstəkdən çəkindirmək məqsədilə təxribat aksiyaları planlaşdırdığını bildirib və bu məsələdə ehtiyatlı olmağın vacibliyini vurğulayıb.

Ukraynanın təcili olaraq hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu deyən Kallas üzv ölkələrin malik olduğu ehtiyatları Kiyevə necə ötürə biləcəklərini müzakirə edəcəklərini bildirib.

Kallas Aİ ölkələrinin iş adamları Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılması ilə bağlı razılaşmasını üzücü qərar kimi qiymətləndirib. O, 3 mindən çox şəxs və quruma qarşı məhdudlaşdırıcı tədbirlərin 36 ay müddətinə uzadılmasını isə müsbət inkişaf kimi dəyərləndirib.

Kallas Aİ-nin Qırmızı dənizdəki Aspides missiyasının daha çox dəniz qüvvəsinə hər zamankından daha çox ehtiyac duyduğunu bildirib.

O, üzv ölkələri missiyaya daha çox dəstək verməyə çağıracağını və ölkələrin bu məsələ ilə bağlı bu gün yeni açıqlamalar verə biləcəyini qeyd edib.

Kallas müşayiət tələb edən ticarət gəmilərinin sayının çox olduğuna diqqət çəkib. O bildirib ki, Aspides missiyası ilk yaradıldıqda ən azı 10 gəmiyə ehtiyac duyurdu, lakin hazırda missiyanın bu qədər gəmisi belə yoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu