Hacıqabuldakı ölüm hadisəsi açıq kanalizasiya quyusu ilə əlaqəli deyil - RƏSMİ


Bu gün bəzi media orqanlarında Hacıqabul rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı yayılan məlumatda vətəndaş Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi iddia olunub.

AFN.az-ın xəbərinə görə, məsələ ilə bağlı Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hadisənin bu cür təqdim edilməsi həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış təsəvvür yaradır.

"Belə ki, adıçəkilən rayonda ümumiyyətlə, kanalizasiya şəbəkəsi mövcud deyil. Belə olan halda həmin ərazidə kanalizasiya quyusunun və onun açıq qalmış qapağının olması barədə iddialar faktiki vəziyyətlə uzlaşmır.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxının bir hissəsində baş verib. Həmin arxların dərinliyi, adətən, 15-20 santimetr təşkil edir. Bu, kanalizasiya quyusu deyil və onun kanalizasiya infrastrukturu ilə heç bir əlaqəsi yoxdur.

Mövcud məlumatlara əsasən, mərhumun səhhətində problemlərin olduğu bildirilir. Hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, ölümün konkret səbəbi yalnız müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən edilə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu