Sakit okeanda temperatur anomaliyası 10 dərəcəyə çatdı – alimlər narahatdır
Sakit okeanın bəzi ərazilərində suyun temperaturunun normadan 10 dərəcə yüksək olması meteoroloqların narahatlığına səbəb olub.
AFN.az "LADbible"a istinadən xəbər verir ki, meteoroloqlar güclənən El-Nino hadisəsinin artıq “meqa El-Nino” mərhələsinə keçdiyini bildirirlər. Nəşrin məlumatına görə, xüsusilə Qalapaqos adaları və Peru sahilləri yaxınlığında okean suyunun temperaturunda kəskin artım qeydə alınıb.
ABŞ meteoroloqu Rayan Maue X sosial şəbəkəsində paylaşdığı məlumatda Sakit okeanın bu hissəsində suyun səth temperaturunun normadan 10 dərəcə yüksək olduğunu qeyd edib.
El-Nino okeanın səth sularının istiləşməsi ilə müşayiət olunan təbii iqlim hadisəsidir. Bu proses atmosfer temperaturuna, yağıntılara və dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir göstərə bilər.
Mütəxəssislər hadisənin dəniz ekosisteminə də ciddi təsirinin ola biləcəyindən narahatdırlar. Xüsusilə dəniz quşları, dəniz şirləri, pinqvinlər və digər canlıların qida ehtiyatlarının azalması təhlükəsi var.
"LADbible"ın məlumatında bildirilir ki, Sakit okeanın bütün ərazilərində eyni temperatur artımı müşahidə olunmur. Ən kəskin istiləşmə Cənubi Amerika sahilləri yaxınlığındakı müəyyən zonada qeydə alınıb.



