Bir turizm statistikasının izi ilə: hotellər boş qalıb, Dövlət Turizm Agentliyi hələ planlar qurur
Azərbaycanda turizm sektorunun son göstəriciləri heç də ürəkaçan deyil. Bu ilin ilk 9 ayında mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalıb. Otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi 25 faizdən 23 faizə düşüb. Ölkəyə gələn əcnəbilərin sayı da azalıb, turistlərin mehmanxanalarda orta qalma müddəti qısalıb. Bütün bunların fonunda otellərin gəlirlərinin cüzi də olsa artması normal görünmür.
Dövlət Statistika Komitəsinin ilin ilk 9 ayı üzrə açıqladığı hesabatdan sonra bizdə də bir sıra suallar yarandı. Komitədən AFN.az-ın sorğusuna verilən cavablardan aydın olur ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalmaqla yanaşı, mehmanxanalarda orta qalma müddəti 1,73 sutkadan 1,69 sutkaya enib. Komitə otellərin doluluq səviyyəsinin aşağı düşməsini yerləşmə xidmətlərinə tələbatın azalması ilə izah edir. Başqa sözlə, problem təkcə ölkəyə gələn turistlərin sayının azalmasında deyil. Gələnlər əvvəlki dövrlə müqayisədə daha az gecələyirlər. Bu da birbaşa mehmanxanaların fəaliyyətində özünü göstərir.
Maraqlı məqamlardan biri də gəlirlərlə bağlıdır. Gecələmələrin sayı 6,6 faiz azaldığı halda, mehmanxanaların gəlirləri 0,6 faiz artıb. Dövlət Statistika Komitəsi bu artımın qiymət amili ilə bağlı olduğunu bildirir. Belə ki, hesabat dövründə mehmanxana xidmətləri üzrə qiymət indeksi 103,6 faiz təşkil edib. Yəni gəlirlərin artması xidmətlərə tələbatın yüksəlməsindən deyil, əsasən qiymət dəyişikliklərindən qaynaqlanıb. Bu rəqəmlər ortaya bir sual çıxarır: Azərbaycanda turizm sektorunda baş verən geriləmənin səbəbləri nədir və vəziyyətin yaxşılaşdırılması üçün hansı real addımlar atılır?
AFN.az bu suallara aydınlıq gətirmək üçün Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb.
Agentliyin cavablarında daha çox gələcək planlar var
Dövlət Turizm Agentliyi gecələmələrin və otellərin doluluq səviyyəsinin azalmasını qlobal və regional geosiyasi gərginliklər, eləcə də hərbi münaqişələrin yaratdığı məhdudiyyətlərlə əlaqələndirir. Qurum bildirir ki, mövcud vəziyyətin aradan qalxması halında müvafiq bazarlardan turist axınının bərpasına yönəlmiş fəaliyyətlər həyata keçiriləcək.
Agentliyin cavabında turizm siyasətinin yeni çağırışlara uyğun qurulması, bazarların şaxələndirilməsi, marketinq tədbirləri, vizasız gediş-gəliş imkanlarının genişləndirilməsi, yeni aviareyslərin açılması və subsidiya mexanizmləri barədə ətraflı məlumat verilir.
Lakin suallarımız bunlarla bitmir. Biz qurumdan 2026-cı ilin ilk 9 ayında qeydə alınan azalmanın səbəbləri üzrə hansı təhlillərin aparıldığını, konkret hansı amillərin müəyyən edildiyini və vəziyyətin yaxşılaşdırılması üçün indiyədək hansı tədbirlərin görüldüyünü soruşsaq da, qurum mütəmadi kəmiyyət və keyfiyyət təhlilləri apardığını bildirməklə kifayətlənib, həmin təhlillərin nəticələrini isə açıqlamayıb.
Geosiyasi vəziyyətin turizmə təsirini inkar etmək olmaz. Lakin bu amilin ümumi azalmada payı nə qədərdir? Turist axınının zəifləməsində başqa səbəblər varmı? Məsələn, qiymətlər, xidmət səviyyəsi, nəqliyyat əlçatanlığı və ya digər bazar amilləri nə dərəcədə rol oynayır? Agentliyin cavabında bunlara dair konkret təhlil yoxdur.
Körfəz bazarındakı itkilər digər ölkələrdən gələn turistlərlə kompensasiya olunurmu?
Açıqlanan rəsmi statistikada körfəz ölkələrindən Azərbaycana gələnlərin sayının 32 faiz azalması da əksini tapəb və təbii ki, bu diqqətdən kənarda qala bilməz. Bu bazar Azərbaycanın turizm sektoru üçün əhəmiyyətli istiqamətlərdən biri olduğundan, DTA-ya ünvanladığımız sorğuda azalmanın səbəbləri və onun qarşısını almaq üçün görülən işlər barədə də suallar vardı. Agentlik əsas səbəblər sırasında təhlükəsizlik riskləri ilə əlaqədar hava nəqliyyatı əlaqələrində yaranan fasilələri, yanacaq qiymətlərinin artmasını, uçuş marşrutlarının və məsafələrinin dəyişməsini göstərib. Bunun nəticəsində bəzi istiqamətlər üzrə uçuş qiymətlərinin kəskin artdığı bildirilir. Bununla yanaşı, qurum alternativ bazarlardan gələn turistlərin sayında artım olduğunu da qeyd edib. Belə ki, cari ilin ilk 9 ayında Özbəkistandan gələnlərin sayı 26,8, Tacikistandan 22,3, Almaniya və Polşadan 13,1, Qırğızıstandan 10,4, Gürcüstandan 9,7, Türkiyə və Qazaxıstandan 6,4, Çindən isə 4,4 faiz artıb. Bu rəqəmlər müsbət olsa da, bir məsələ aydın deyil: alternativ bazarlardan gələn turistlərin artımı Körfəz ölkələrindəki azalmanı nə dərəcədə kompensasiya edib? Ümumi turist axınında bu dəyişikliklərin yekun nəticəsi necə olub? Həmin ölkələrdən gələnlərin mehmanxanalarda gecələmələrinin sayı nə qədər artıb? Agentlik bu suallara cavab vermir, alternativ bazarlardakı artım faizlərini təqdim etməklə kifayətlənir. Halbuki turizm siyasətinin uğurunu ayrı-ayrı ölkələr üzrə artım faizləri ilə deyil, ümumi turist axınına və sektorun gəlirlərinə təsiri ilə qiymətləndirmək daha doğru olardı.
Daxili turizmdə də nəticələr yetərincə açıqlanmır
Xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşlarının mehmanxanalarda gecələmələrinin azalması da diqqət çəkir. Bu səbəbdən Agentlikdən daxili turizmin inkişafı, regionlarda yerləşmə obyektlərinə tələbatın artırılması və yerli turistlər üçün xidmətlərin əlçatanlığının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat istədik. Cavabda turizm potensialı olan kəndlərdə infrastrukturun yaradılması, regionların nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, turistlər üçün güzəştli dəmir yolu bilet paketlərinin hazırlanması və digər tədbirlər sadalanır. Ancaq burada da əsas sual cavabsız qalır. Bu tədbirlərin hansı hissəsi artıq həyata keçirilib? Daxili turizm üzrə indiyədək hansı nəticələr əldə olunub? Yerli turistlərin mehmanxanalarda gecələmələrinin azalmasına qarşı hansı konkret tədbirlər görülüb? Agentlik nəticələrin qiymətləndirilməsi üçün daxili turistlərin sayı, yerli turistlərin gecələmələrinin dinamikası və regionlara səfərlərin sayı kimi göstəricilərin əsas götürülə biləcəyini bildirir. Lakin bu göstəricilər üzrə faktiki nəticələri təqdim etmir. Yəni qurum daxili turizmin inkişafı üçün hansı istiqamətlərdə iş aparılacağını izah edir, amma görülmüş işlərin nəticəsi barədə danışmır.
Otellər boş qalır, amma yeni hotellər üçün subsidiya nəzərdə tutulur
Açıqlanan statistikada ən diqqətçəkən istiqamətlərdən biri də mehmanxanaların sayı və yerləşdirmə tutumu ilə bağlı idi. Otellərin doluluq səviyyəsinin 23 faizə düşdüyü şəraitdə ölkədə yeni yerləşmə obyektlərinin yaradılması və mövcud obyektlərin genişləndirilməsi ilə bağlı qərarların hansı tələbat hesablamalarına əsaslandığını öyrənmək oxucularımız üçün də maraqlı olardı. Lakin Dövlət Turizm Agentliyi bu suala da konkret statistik rəqəmlərlə cavab verməyib. Ölkədə mehmanxanaların sayının və ümumi otaq-yataq tutumunun son bir ildə necə dəyişdiyi açıqlanmayıb. Bunun əvəzinə Dövlət Turizm Agentliyinin Dövlət Proqramında nəzərdə tutulan investisiya təşviqləri, yeni hotel otaqlarına görə subsidiyalar və turizm-rekreasiya zonalarının yaradılması barədə məlumat verilib.
Buradakı ziddiyyət də diqqətimizdən yayınmadı. Belə ki, bir tərəfdən, mövcud mehmanxanaların doluluq səviyyəsi aşağı düşür və Statistika Komitəsi bunun səbəbini tələbatın azalması ilə izah edir. Digər tərəfdən, Dövlət Turizm Agentliyinin gələcək planları arasında yeni hotel otaqlarının tikintisinə subsidiya verilməsi və yerləşdirmə tutumunun artırılması da var.
Əlbəttə, yeni investisiyaların cəlb edilməsi turizm sektorunun inkişafı üçün vacib ola bilər. Ancaq mövcud hotellərin doluluq səviyyəsi aşağı olduğu halda yeni obyektlərin tikintisinin hansı iqtisadi hesablamalara əsaslandığı izah edilməlidir. Hansı regionlarda əlavə yerləşdirmə tutumuna ehtiyac var? Mövcud hotellərin boş qalmasının səbəbi nədir? Yeni obyektlərə subsidiya ayrılması bazarda təkliflə tələbat arasındakı balansı necə dəyişəcək? Agentliyin cavabında bu suallara aydınlıq gətirilməyib.
2027-ci il üçün hədəflər açıqlanıb, bəs 2026-cı ilin sonu necə olacaq?
Dövlət Turizm Agentliyindən 2026-cı ilin yekunlarına dair proqnozları, eləcə də 2027-ci ildə turistlərin sayı, mehmanxanalarda gecələmələr və doluluq səviyyəsi üzrə hədəfləri də soruşduq.
Qurum 2027-ci il üçün Dövlət Proqramında müəyyən edilmiş rəqəmləri açıqlayıb. Həmin hədəflərə əsasən, gələn il Azərbaycana səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının 2 milyon 795 min nəfərə, ölkə daxilində turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının sayının 6 milyon 325 min nəfərə çatdırılması nəzərdə tutulur. Mehmanxanalarda gecələmələrin sayının 4 milyon 953 min gecəyə, turizm daxilolmalarının isə 3,8 milyard manata çatdırılması hədəflənir. Bu göstəricilərə nail olmaq üçün yeni uçuş istiqamətlərinin açılması, vizasız rejim tətbiq edilən ölkələrin sayının artırılması, çarter uçuşları və turoperatorlar üçün subsidiya mexanizmlərinin tətbiqi planlaşdırılır. Lakin Agentlik 2026-cı ilin sonuna dair konkret proqnoz təqdim etməyib. 2027-ci il üçün hədəflər açıqlansa da, mehmanxanaların doluluq səviyyəsi üzrə ayrıca rəqəm də göstərilməyib.
Əslində, hazırkı vəziyyətdə məhz bu göstəricinin necə dəyişəcəyini bilmək vacibdir. Çünki turistlərin ümumi sayının artması avtomatik olaraq hotellərin doluluğunun yüksəlməsi demək deyil. Turistlərin hansı məqsədlə gəlməsi, ölkədə nə qədər qalması və mehmanxana xidmətlərindən nə dərəcədə istifadə etməsi də nəticəyə təsir edir.
Dövlət Turizm Agentliyinin cavablarından belə görünür ki, qurumun qarşıdakı illər üçün kifayət qədər geniş planları var. Ancaq mövcud vəziyyətin təhlili, görülmüş tədbirlərin nəticələri və yeni investisiyaların real tələbatla uyğunluğu barədə suallarımızın hamısına konkret cavab verilməməsi bu sahədə problemlərin kifayət qədər olduğunu deməyə əsas verir.
Dövlət proqramlarında hədəflərin müəyyənləşdirilməsi vacibdir. Lakin turizm sektorunun vəziyyətini qiymətləndirmək üçün əsas meyar planlaşdırılan tədbirlərin sayı deyil, onların nəticəsidir. Otellərin doluluğu azalırsa, turistlər ölkədə daha az qalırsa və gecələmələrin sayı aşağı düşürsə, bu tendensiyanın səbəbləri rəqəmlərlə izah edilməli, görülən işlərin nə dərəcədə nəticə verdiyi göstərilməlidir.
Hələlik isə açıqlanan statistika ilə Dövlət Turizm Agentliyinin təqdim etdiyi cavablar arasında diqqətçəkən fərq var: rəqəmlər mövcud problemin miqyasını göstərir, Agentliyin cavablarında isə problemlərin səbəbindən yan keçərək, daha çox gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən bəhs edilir.
Həbibə ABDULLA



