Bərdə İcra Hakimiyyətindən eyni şirkətə 948 min manatlıq sifariş


Bərdə Rayon İcra Hakimiyyəti şəhər ərazisində abadlıq işlərinin satın alınması ilə bağlı iki tenderə yekun vurub.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki tenderin qalibi “Avtoyoltikintiservis” MMC seçilib.

Birinci tender Bərdə şəhərinin Üzeyir Hacıbəyov və Babək küçələrində, Heydər Əliyev prospektində, Elməddin Yusifov küçəsində, Heydər Əliyev parkında, eləcə də prospektin RTS-in qarşısında yerləşən hissəsində abadlıq işlərinin aparılmasını əhatə edir. Bu satınalma üzrə şirkətin qiymət təklifi 704 998,77 manatdır.

İkinci tender isə Bərdə şəhəri ərazisində aparılacaq abadlıq işləri ilə bağlıdır. Bu satınalma üzrə “Avtoyoltikintiservis” MMC-nin qiymət təklifi 243 490,83 manat təşkil edir.

Beləliklə, şirkətin hər iki tender üzrə ümumi sifariş məbləği 948 489,60 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6 olan MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında geniş məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalında apardığımız araşdırma zamanı məlum olub ki, “Avtoyoltikintiservis” MMC ötən il də Bərdə rayonunda abadlıq işlərinin satın alınması ilə bağlı tenderin qalibi seçilib. Həmin satınalma üzrə şirkətin qiymət təklifi 909 513,44 manat təşkil edib.

Beləliklə, şirkətin ötən il və cari ildə Bərdə rayonunda qeyd olunan satınalmalar üzrə əldə etdiyi sifarişlərin ümumi dəyəri 1 858 003,04 manata çatır.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, 2011-ci ildən rayona rəhbərlik edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu