"Quba"nın haqqı "Səbail"ə qurban verildi - klub prezidentindən FİF-ə sərt ittihamlar
“Hypers Quba” futbol klubunun prezidenti Ayaz Abdullayev futbolla bağlı fəaliyyətini başa vurduğunu açıqlayıb, Futbolun İnkişafı Fondunun (FİF) fəaliyyəti və Quba klubunun üzləşdiyi problemlərlə bağlı bir sıra iddialar səsləndirib.
AFN.az xəbər verir ki, Ayaz Abdullayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Klub prezidenti bildirib ki, komandanın fəaliyyətini davam etdirməsi üçün bütün imkanlarını səfərbər edib, müxtəlif şəxslərlə danışıqlar aparıb, lakin nəticədə istədiyi məqsədə nail ola bilməyib.
Onun sözlərinə görə, ötən mövsüm Quba komandası çempionatı üçüncü pillədə başa vurub. Komanda sayının artırılması nəzərdə tutulduğundan klubun avtomatik olaraq Birinci Liqaya yüksəlmək imkanı yaranmalı idi. Abdullayev qeyd edib ki, komandanın maliyyə çətinlikləri ilə bağlı ictimaiyyətə müraciətindən sonra Qubadan olan bir neçə şəxs klubu təhvil almaq istədiklərini bildiriblər.
Klub rəhbərinin iddiasına görə, həmin şəxslərlə Futbolun İnkişafı Fondu vasitəsilə əlaqə yaradılıb. O, mövcud borcların bağlanması şərti ilə komandanı təhvil verməyə hazır olduğunu bildirib. Lakin sonradan həmin şəxslərə Quba əvəzinə “Səbail” klubunun təklif edildiyini iddia edib.
Abdullayevin sözlərinə görə, plan “Səbail”in adının dəyişdirilərək Quba klubuna çevrilməsi olub. Lakin onun iddiasına əsasən, FİF buna icazə verməyib.
“Qubanın əvəzinə Səbaili təklif etdilər. Adamların Quba sevgisini avantaja çevirdilər. Daha doğrusu, Səbail onlara elə təqdim olundu ki, sanki başqa seçimləri yoxdur. Bir sözlə, Qubanı kənarda qoyub, Səbaili verdilər”, – deyə o yazıb.
Ayaz Abdullayev paylaşımında FİF-in digər klublarla bağlı fəaliyyətini də tənqid edib. O, “Mingəçevir”, “Turan”, “Zaqatala”, “Lerik”, “Araz Saatlı”, “Göygöl” və “Şahdağ” komandalarının vəziyyəti ilə bağlı suallar ünvanlayıb, futbolun inkişafına ayrılan vəsaitlərin və qurumun illik xərclərinin real nəticələrini müzakirəyə çıxarıb.
Klub prezidenti xüsusilə futbolun inkişafının seminarlar, ezamiyyətlər və hesabatlarla deyil, ayaqda qalan klublar, yetişən futbolçular, yaradılan infrastruktur və davamlı maliyyə modeli ilə ölçülməli olduğunu vurğulayıb.
O, həmçinin bəzi klubların maliyyələşdirilməsi, ayrılan vəsaitlərin taleyi və qəbul edilən qərarların mümkün maraqlarla əlaqəsi barədə obyektiv araşdırma və müvafiq dövlət auditi aparılacağına ümid etdiyini bildirib.
“Qubanın haqqı, belə demək mümkündürsə, Səbailin taleyinə qurban verildi. Amma mən üzülmürəm. Çünki bilirəm ki, bu ölkədə zamanında üstü örtülmüş nə qədər məsələlər sonradan üzə çıxıb. Bir gün bu məsələlərə də obyektiv yanaşılacağına, müvafiq dövlət auditinin aparılacağına inanıram”, – deyə Abdullayev qeyd edib.
O, paylaşımının sonunda futbolla bağlı son açıqlaması olduğunu bildirərək, Quba komandası üçün əlindən gələni etdiyini, lakin artıq bu sahədən kənara çəkilmək qərarına gəldiyini açıqlayıb.
“Bu, mənim futbolla bağlı son paylaşımımdır. Hər kəsə öz yolunda uğurlar!” – deyə klub prezidenti yazıb.
Ayaz Abdullayevin səsləndirdiyi iddialarla bağlı Futbolun İnkişafı Fondunun mövqeyi təqdim olunarsa, onu da dərc etməyə hazırıq.


