Aİ Komissiyasına qarşı kiberhücumda süni intellekt alətindən istifadə edilib



Avropa İttifaqı (Aİ) Komissiyası sistemlərinə qarşı həyata keçirilən kiberhücum zamanı süni intellekt alətlərindən istifadə edildiyini və hücum səbəbindən bəzi tətbiqlərin müvəqqəti olaraq deaktiv edildiyini bildirib. 

AFN.az xəbər verir ki, qurumun sözçüsü Tomas Reynyer Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ sistemlərinə qarşı kiberhücumla bağlı açıqlamalar verib.

Reynyer süni intellektin təhlükəsizlik boşluqlarının aşkarlanmasına və kiberhücumların qarşısının alınmasına kömək edə biləcəyi kimi, kiber əməliyyatlarda da sui-istifadə məqsədilə istifadə oluna biləcəyini bildirib. O, son dövrlərdə dünyanın müxtəlif yerlərində çoxsaylı kiberhücumların baş verdiyini xatırladıb.

Reynyer Aİ Komissiyasının aşkar edilmiş kiberhücum kampaniyasına qarşı zəruri addımlar atdığını təsdiqləyib. Onun sözlərinə görə, qoruyucu və qabaqlayıcı tədbir olaraq bəzi tətbiqlər müvəqqəti deaktiv edilib və onların böyük hissəsi yenidən istifadəyə verilib.

Sözçü kiberhücumun oktyabrın 22-də aşkarlandığını, ilkin araşdırmalardan sonra oktyabrın 26-da təsdiqləndiyini və dərhal qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib. O, Aİ qurumlarının kibertəhlükəsizlik bölməsi CERT-EU və Avropa Məlumatların Mühafizəsi Nəzarətçisi ilə sıx əlaqədə olduqlarını, araşdırmanın davam etdiyini və əldə edilən nəticələrə uyğun zəruri addımların atıldığını qeyd edib.

Reynyer araşdırmanın hazırkı mərhələsində Komissiya əməkdaşlarının ümumi kütləsinə təsir edən məlumat sızmasına dair heç bir sübut aşkarlanmadığını söyləyib.

Hücumda süni intellektdən istifadə olunub-olunmadığı ilə bağlı suala cavab verən sözçü araşdırma nəticəsində bunun süni intellekt vasitəsilə yaradılmış kiberhücum kampaniyası olduğunu təsdiqləyib. O, süni intellekt alətindən sui-istifadə edildiyini bildirib.

Reynyer hücum zamanı hər kəsin istifadəsinə açıq olan süni intellekt alətindən yararlanıldığını deyib. Onun sözlərinə görə, hücumun bir çox elementi nəzarət altına alınıb, lakin araşdırma davam etdiyi üçün yekun qiymətləndirmə aparmaq hələ mümkün deyil.

Sözçü Aİ Komissiyasına qarşı hər hansı fidyə tələbindən xəbərdar olmadığını da bildirib. O, görülən təhlükəsizlik tədbirlərinin effektivliyini təmin etmək məqsədilə vəziyyət barədə ictimaiyyətə məlumatın daha əvvəl verilmədiyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu