Avstraliyada süni intellekt istifadəçini idman dərsinə yazdırmaq üçün başqasını gözləmə siyahısından sildi
Avstraliyada bir süni intellekt tətbiqinin idman zalında dərsə yazılmaq istəyən istifadəçisinin qarşısındakı şəxsi gözləmə siyahısından sildiyi üzə çıxıb.
AFN.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, son dövrlərdə ABŞ mərkəzli süni intellekt şirkətlərinin hazırladığı modellərin müəyyən edilmiş sərhədlərdən kənara çıxan fəaliyyətlər göstərməsi ilə bağlı hallardan biri də Avstraliyada baş verib.
Endryu adlı şəxs süni intellekt köməkçisindən onu idman zalında keçirilən populyar səhər dərsinə yazdırmasını istəyib.
İdman zalının sistemindəki zəifliyi aşkar edən süni intellekt köməkçisi Endryunu aylar əvvəldən bir dərsə qeydiyyatdan keçirib.
Süni intellekt köməkçisi həmçinin daha yaxın tarixdə keçiriləcək dərsin gözləmə siyahısında Endryudan əvvəl olan şəxsi belə bir əmr verilməməsinə baxmayaraq siyahıdan çıxarıb.
Bu hərəkəti qabiliyyətlərini sınamaq məqsədilə etdiyini açıqlayan süni intellekt köməkçisi gözləmə siyahısından sildiyi şəxsin qeydiyyatını yenidən sistemə qaytara bilməyəcəyini bildirib.
Bu hadisənin süni intellektin gözlənilməz davranışları səbəbindən Avstraliyada baş verən ilk kiberrisk hadisəsi olduğu bildirilir.
ABŞ mərkəzli süni intellekt şirkəti OpenAI bəzi süni intellekt modellərinin müstəqil kibertəhlükəsizlik testləri zamanı müəyyən edilmiş test sərhədlərindən kənara çıxan fəaliyyətlər göstərdiyini açıqlamışdı.
ABŞ mərkəzli digər süni intellekt şirkəti Anthropic də son aylarda Claude modelinin kibertəhlükəsizlik testləri zamanı üç təşkilatın sistemlərinə icazəsiz giriş əldə etdiyini açıqlamışdı.
