İtaliyada məktəblərə bomba və zəhərlənmə təhdidləri yenidən göndərilib
İtaliyada ötən həftə minlərlə məktəbə göndərilən və əsassız olduğu müəyyənləşdirilən bomba təhdidi məzmunlu elektron məktublardan sonra bu gün də bəzi təhsil müəssisələrinə oxşar təhdidlər ünvanlanıb.
AFN.az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərindəki məktəblərə bomba və yeməklərin zəhərlənməsi ilə bağlı hədələr olan elektron məktublar daxil olub.
Milli mətbuatda yayılan məlumatlara görə, ölkənin müxtəlif şəhərlərində yerləşən məktəblərə yeni bomba təhdidləri göndərilib.
Son günlər göndərilən oxşar məktublarda da olduğu kimi, Mixail Andropov adının baş hərflərindən ibarət M.A. imzası ilə göndərilən mesajda binaya partlayıcı qurğu yerləşdirmək və onu işə salmaq üçün indicə tapşırıq verildiyi, partlayışın 40 dəqiqə ərzində baş verəcəyi bildirilib.
Digər təhdid məktubunda isə məktəbin yeməkxanasına bir işçinin yerləşdirildiyi və həmin şəxsin yeməklərə zəhərli qarışıq qatdığı iddia olunub. Mesajda tələblərin nəzərə alınmadığı da qeyd edilib.
Daxili İşlər Nazirliyinin ötən həftə göndərilən təhdid məktublarının əsassız çıxmasından sonra yaydığı təlimata əsasən, konkret təhlükə olmadığı hallarda məktəblər təxliyə edilməyib.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, Baş nazirin müavini və xarici işlər naziri Antonio Tacani də bu gün Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısında məktəblərə ünvanlanan bomba təhdidləri məsələsini gündəmə gətirib.
Tacani toplantıda sözügedən məlumatların əsassız olduğunu və xaos yaratmaq məqsədilə göndərildiyini bildirib.
Ötən həftə ölkədə minlərlə məktəbə göndərilən və sonradan əsassız olduğu üzə çıxan təhdid məktubları səbəbindən bəzi təhsil müəssisələri təxliyə edilmişdi. Bundan sonra Daxili İşlər Nazirliyi məsələ ilə bağlı xüsusi təlimat yayımlamışdı.
Təlimata əsasən, konkret təhlükə əlamətləri olmadan yalnız kütləvi elektron məktub vasitəsilə təhdid daxil olduqda binalar təxliyə edilməyəcək. Real riskin mövcudluğunu göstərən konkret və xüsusi sübutlar olduqda isə təxliyə qərarını məktəbin yerləşdiyi vilayətin qubernatoru verəcək.

