Quterreş avtonom silahların yayılmasına qarşı çağırış edib



BMT-nin baş katibi Antonio Quterreş avtonom silah sistemlərinin istifadəsinin və yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsinə çağırıb. 

AFN.az xəbər verir ki, o, bu cür silahların tənzimlənməsi məqsədilə hüquqi cəhətdən məcburi sənəd üzərində danışıqlara başlanmasının vacibliyini vurğulayıb.

Quterreş bu gün Cenevrədə başlayan Bəzi Adi Silahlar haqqında Konvensiyanın 7-ci İcmal Konfransına videomüraciət göndərib.

Konvensiyanın 40 ildən artıqdır ki, müharibənin belə öz sərhədləri olduğunu ifadə edən fundamental prinsipi əks etdirdiyini bildirən Quterreş sənədin onilliklər ərzində minalar, kustar üsulla hazırlanmış partlayıcı qurğular, yandırıcı silahlar və müharibədən qalan partlamamış sursatlar kimi silahların səbəb olduğu humanitar əzabların azaldılmasına kömək etdiyini qeyd edib.

Quterreş müharibənin xarakterinin dəyişdiyinə diqqət çəkərək bildirib ki, avtonom silah sistemləri də daxil olmaqla, yeni texnologiyalar humanitar, hüquqi, etik və təhlükəsizlik sahələrində yeni sınaqlar yaradır. O, Konvensiyanın müasir dünyanın tələblərinə uyğun qalmasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Baş katib İcmal Konfransının mühüm fürsət olduğunu qeyd edərək Konvensiyanın və mövcud protokollarının gücləndirilməsinin, sənədə universal üzvlüyün təmin edilməsinin, eləcə də mövcud müdafiə mexanizmlərinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Quterreş xüsusilə avtonom silah sistemlərini tənzimləyəcək, açıq qadağalar və məhdudiyyətləri də əhatə edən hüquqi cəhətdən məcburi sənəd üzərində danışıqlara başlanmasına çağırıb. O bildirib ki, Hökumət Ekspertləri Qrupunun bu istiqamətdə hazırladığı müddəalar gələcək sənəd üçün möhkəm təməl yaradır və mövcud fürsətdən istifadə edilməlidir.

Baş katib mülki əhalinin silahlı münaqişələrin törətdiyi qırğın və dağıntılardan qorunmasından, lazımsız əzabların qarşısının alınmasından heç vaxt vaz keçilməməli olduğunu vurğulayıb. O, insanlığın və insanların müdafiəsinin hər şeydən üstün tutulmasına çağırıb.

128 iştirakçı dövlətin olduğu Bəzi Adi Silahlar haqqında Konvensiyanın İcmal Konfransı hər beş ildən bir keçirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu