Gələn ildən bank əmanətlərinin faiz gəlirlərinə vergi tətbiq oluna bilər
Gələn ildən etibarən Vergi Məcəlləsində bir sıra dəyişikliklərin qüvvəyə minməsi nəzərdə tutulur. Bu ilin sonunda bəzi vergi güzəştlərinin də müddəti başa çatır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması nəzərdə tutulsa da, Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsi ilə müəyyən edilmiş güzəştin müddətinin artırılması təklif olunmur.
AFN.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Eyni zamanda, milli valyutada olan depozit 18 ay və daha artıq müddətə yerləşdirildikdə və onun əsas məbləği 18 aydan tez olmayaraq geri ödənildikdə, hesablanan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.
Bu güzəştin müddəti uzadılmasa, gələn ildən bir bankda milli valyutada yerləşdirilən depozitlər üzrə aylıq faiz gəlirlərinin 200 manatdan artıq olan hissəsi gəlir vergisinə cəlb ediləcək.
Beləliklə, 2026-cı ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilmiş əmanət üzrə aylıq faiz gəliri 200 manatdan çox olarsa, artıq məbləğ növbəti ildən vergiyə cəlb ediləcək. Məsələn, hazırda bank əmanətinin aylıq gəliri 500 manatdırsa, yeni ildən bu məbləğin 300 manatına gəlir vergisi tətbiq olunacaq.
Deputat qeyd edir ki, güzəştlər həm vətəndaşların gəlirləri, həm də banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımından əhəmiyyətli olub.
Hazırda bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edir. Belə ki, ümumi öhdəliklərin 76,4 faizi və ya 41,8 milyard manatı depozitlərin payına düşür. Depozit portfelinin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətlərindən ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 64,7 faizini müddətli əmanətlər təşkil edir. Güzəştlərin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.
Vüqar Bayramovun fikrincə, üç il əvvəl qəbul edilən güzəştlər bank sektorunda depozitlərin strukturuna əhəmiyyətli təsir göstərib. Bununla yanaşı, Mərkəzi Bankın sağlamlaşdırma tədbirləri və islahatların dərinləşdirilməsi də bu prosesdə mühüm rol oynayıb.
Deputat vurğulayır ki, 2030-cu il üçün əsas hədəflərdən biri biznes kreditlərinin payını daha da artırmaqdır. Bunun üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var. Bu, eyni zamanda, M0 pul aqreqatının payının azaldılması baxımından da əhəmiyyətlidir.
Onun qənaətinə görə, vergi güzəştləri qısamüddətli fiskal gəlirlərdən daha çox uzunmüddətli iqtisadi nəticələr nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Əmanətlər üzrə güzəştlərin uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha yüksəkdir. Belə ki, hər 1 milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz dividend gəliri və həmin gəlirin 10 faiz gəlir vergisinə cəlb olunması nəzərə alınarsa, bu sahədə qərarlar strateji məqsədlərə xidmət etməlidir.
Vüqar Bayramov hesab edir ki, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin daha üç il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, əmanətlərlə bağlı vergi güzəştlərinin müddətinin gələn ildən etibarən daha üç il uzadılması arzuolunandır.
Deputat bildirib ki, bu təklifi Milli Məclisin komitə iclasında da təqdim edib. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasətlə daha yaxından dəstəklənməsi, eləcə də depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılması baxımından vacibdir.


