ABŞ-də aviareyslərdəki fasilələr üçüncü gündür davam edir



ABŞ-də cümə günü mülki aviasiya infrastrukturunda yaranan və ölkə üzrə hava nəqliyyatına təsir edən problem artıq üçüncü gündür davam edir. 

AFN.az xəbər verir ki, uçuş məlumatlarını izləyən onlayn platformaların göstəricilərinə əsasən, bu gün ölkə üzrə 5 200-dən çox reys ləğv edilib və ya gecikdirilib. ABŞ-nin Nəqliyyat naziri Şon Daffi uçuşların bu gündən etibarən normallaşacağını, çox güman ki, sabah bütün fəaliyyətin əvvəlki vəziyyətinə qayıdacağını bildirib.

ABŞ üzrə mülki aviasiyada yaranan fasilələr üçüncü gündür davam edir. Dünyadakı uçuş məlumatlarını izləyən FlightAware platformasının məlumatına görə, bu gün ölkədə 1 600-dən çox reys ləğv edilib, təxminən 3 600 reys isə gecikib. Beləliklə, davam edən problemlər 5 200-dən çox uçuşa təsir göstərib.

Məlumatlara görə, ABŞ-də fəaliyyət göstərən aviaşirkətlər dünən 6 400-dən çox uçuşu ləğv edib, 8 mindən çox reysi isə təxirə salıb. JetBlue aviaşirkətinin uçuşlarının 27 faizi, American Airlines-ın reyslərinin isə 13 faizi ləğv olunub. Southwest, United Airlines və Delta aviaşirkətlərində isə uçuşların 3-5 faizi ləğv edilib.

ABŞ-nin Nəqliyyat naziri Şon Daffi qatıldığı televiziya proqramında yaranmış fasilələrin kiberhücum və ya buna bənzər digər zərərli fəaliyyətdən qaynaqlandığına dair heç bir sübutun olmadığını bir daha bildirib. Problemin mənbəyinin hələ tam müəyyənləşdirilmədiyini deyən Daffi uçuşların bu gündən normallaşacağını, çox güman ki, sabah bütün fəaliyyətin əvvəlki vəziyyətinə qayıdacağını söyləyib. Nazir Federal Aviasiya Administrasiyasının (FAA) əsas prioritetinin sərnişinlərin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.

Daffinin sözlərinə görə, Arkanzas ştatının El Dorado şəhərindəki FAA obyektində marşrutlaşdırıcı cihazın dəyişdirilməsi Texas ştatının Amarillo şəhərində qısa müddət əvvəl yenilənmiş başqa bir cihazda problem yaranmasına səbəb olub. Nazir həmin cihazın digər hava hərəkətinə nəzarət mərkəzlərindəki marşrutlaşdırıcılara həddindən artıq məlumat göndərərək sistemləri yüklədiyini bildirib. Daffi daha əvvəl minlərlə dəfə problemsiz həyata keçirilmiş texniki xidmət işləri zamanı bu problemin niyə yarandığının hələ müəyyən edilmədiyini qeyd edib.

FAA-nın açıqlamasında problemə səbəb olduğu ehtimal edilən marşrutlaşdırıcıların söndürüldüyü, hava hərəkətinə nəzarət sistemindəki oxşar xüsusiyyətlərə malik təxminən 60 cihazla bağlı da eyni tədbirin görüldüyü bildirilib.

Nazir Daffi dünən FAA rəhbəri Brayan Bedfordla birgə açıqlamasında baş verənlərə görə FAA-nın rabitə infrastrukturunu idarə edən podratçı şirkət L3Harris Technologies-i məsul tutmuşdu. Daffi fasilənin FAA-ya məxsus obyektdə telekommunikasiya xətlərinin mis kabellərdən fiber-optik kabellərə keçirilməsi zamanı başladığını deyərək, sözügedən şirkətin 20 ildən artıqdır FAA-ya xidmət göstərdiyini bildirmişdi. ABŞ-li nazir problemin səbəbinin hələ müəyyənləşdirilmədiyini vurğulayaraq, L3Harris-in işində və ya avadanlığın quraşdırılmasında səhvə yol verilib-verilmədiyini, yaxud nasaz marşrutlaşdırıcının quraşdırılıb-quraşdırılmadığını araşdırdıqlarını demişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu