NATO-nun növbəti sammiti Albaniyada keçiriləcək



NATO-nun növbəti liderlər sammitinin Albaniyada keçirilməsi qərara alınıb, lakin toplantının tarixi hələ müəyyənləşdirilməyib. 

AFN.az xəbər verir ki, beynəlxalq mətbuatda NATO sammitləri və görüşlərinin keçirilmə tezliyinin azaldılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Alyans rəsmisi növbəti sammitin Albaniyada təşkil olunacağını, ancaq tarixinin hələ bəlli olmadığını deyib.

Albaniyanın Baş naziri Edi Rama isə növbəti sammitin Tiranada keçirilə biləcəyini, tarixinin isə 2027-ci il deyil, 2028-ci il ola biləcəyini bildirib.

2025-ci il iyunun 25-də Haaqada keçirilən NATO sammitinin yekun bəyanatında liderlərin 2026-cı ildə Türkiyədə baş tutacaq görüşdən sonra Albaniyada bir araya gəlmək barədə razılığa gəldikləri qeyd olunmuş, lakin konkret tarix açıqlanmamışdı.

NATO-nun rəsmi məlumatına görə, sammitlər Alyansın siyasi və təhlükəsizlik ehtiyaclarına uyğun olaraq Şimali Atlantika Şurasının qərarı ilə keçirilir. Bununla belə, son 10 ildə COVID-19 məhdudiyyətlərinin tətbiq olunduğu 2020-ci il istisna olmaqla, NATO liderləri hər il müxtəlif müttəfiq ölkələrin paytaxtlarında bir araya gəliblər.

Digər tərəfdən, diplomatik mənbələr ABŞ administrasiyasının NATO liderlərinin sammitlərinin hər il keçirilməsi praktikasına son qoyulmasını və görüşlərin iki ildən bir təşkil edilməsini istədiyini, Alyans daxilində bu istiqamətdə təşəbbüslər irəli sürdüyünü bildirirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu