Quantum Systems-in şəbəkəsinə kiberhücum edilib
Almaniyada yerləşən pilotsuz uçuş aparatları (PUA) istehsalçısı Quantum Systems şirkətinin korporativ şəbəkəsinə kiberhücum edildiyi və yeniləmə serverinə zərərli proqram yerləşdirildiyi bildirilir.
AFN.az xəbər verir ki, hücumdan sonra mümkün risklərin qarşısını almaq məqsədilə Almaniya ordusu şirkətin istehsal etdiyi PUA-lardan istifadəni müvəqqəti dayandırıb.
Der Spiegel jurnalının təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, kimliyi hələ müəyyənləşdirilməyən hücumçular Almaniya Silahlı Qüvvələrinin (Bundeswehr) təchizatçıları arasında yer alan, Münhendə yerləşən şirkətin korporativ şəbəkəsinə sızıb. Onlar uçuş tapşırıqlarının planlaşdırılması üçün nəzərdə tutulan Qbase proqram təminatına hazırlanmış yeniləməyə zərərli proqram yerləşdiriblər.
Məlumatda bildirilir ki, hücumdan sonra yarana biləcək risklərin qarşısını almaq üçün Almaniya ordusu Quantum Systems tərəfindən istehsal olunan pilotsuz uçuş aparatları parkının istifadəsini müvəqqəti dayandırıb.
Quantum Systems şirkətinin açıqlamasında 2026-cı ilin oktyabr ayının sonunda kibertəhlükəsizlik insidentinin aşkarlandığı və ilkin araşdırmaların bunun düşmən aktorlar tərəfindən həyata keçirilən aktiv kiberhücum olduğunu göstərdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, informasiya texnologiyaları və təhlükəsizlik qruplarının səlahiyyətli qurumlarla əməkdaşlığı nəticəsində təhdid nəzarət altına alınıb.
Uzun müddətdir Ukraynaya da pilotsuz uçuş aparatları tədarük edən Quantum Systems-in bu ölkədə istehsal müəssisələri və yerli istehsalçılarla birgə müəssisələri fəaliyyət göstərir.
Şirkətin Qbase proqram təminatından Almaniya Silahlı Qüvvələrinin də istifadə etdiyi Vector kəşfiyyat PUA-sının uçuşlarının planlaşdırılması üçün yararlanılır.
Hücumun arxasında kimin və ya hansı qrupun dayandığı barədə hələlik dəqiq məlumat olmadığı, araşdırmanın davam etdiyi bildirilib.


