Nvidia rəhbəri Censen Huang vəzifəsini itirə bilər
Reuters xəbər agentliyinə mövzuya yaxın mənbənin verdiyi məlumata görə, Nvidia-nın Direktorlar Şurası baş direktor Censen Huangın vəzifəsindən azad edilib-edilməyəcəyinə qərar vermək üçün toplaşır.
AFN.az xəbər verir ki, dünyanın ən böyük süni intellekt prosessoru təchizatçısı uzun müddətdir şirkətə rəhbərlik edən şəxsin nikahdankənar iki münasibət yaşadığı barədə məlumatlarla bağlı qalmaqalla üzləşib.
Sözügedən məlumatlar Huangın Elis Huang ilə münasibətinin üzə çıxması ilə başlayan mübahisələrdə gərginliyin kəskin artdığını göstərir. ABŞ kəşfiyyatı Elis Huangın Nvidia çiplərinin Çin şirkətlərinə göndərilməsini asanlaşdıran fəaliyyətlərdə iştirak etdiyini bildirmişdi.
Huang bazar günü əməkdaşlara göndərdiyi məlumat qeydində həyat yoldaşına xəyanət etdiyini etiraf edib və bütün məsuliyyəti üzərinə götürüb. Bununla belə, o, münasibətin təfərrüatlarını açıqlamayıb.
Nvidia səhmlərinin təxminən 3,6 faizinə sahib olan 63 yaşlı Huangın açıq-aşkar varisi yoxdur. Birbaşa ona tabe olan onlarla rəhbər şəxsin çalışması da Huangın şirkət üzərindəki sərt nəzarətini nümayiş etdirir.
The Wall Street Journal (WSJ) qəzeti Nvidia-nın Huangi vəzifəsindən uzaqlaşdırmağa hazırlaşdığını ilk dəfə xəbər verdikdən sonra şirkətin səhmləri birjadankənar əməliyyatlarda təxminən 8 faiz ucuzlaşıb. Çərşənbə günü birjadankənar satışlar da nəzərə alınmaqla, Nvidia bu həftə təxminən 600 milyard dollar bazar dəyəri itirib. Şirkət direktorlar şurasının Çinli iş qadını ilə münasibətə dair araşdırma başladığını açıqlamışdı.
Günün əvvəlində The New York Times qəzeti Huangın birbaşa tabeliyində çalışan şirkət rəhbərlərindən biri ilə də nikahdankənar münasibət yaşadığını yazıb.
WSJ-nin məlumatına görə, ABŞ senatorları, demokratlar Elizabet Uorren və Kris Kuns Donald Tramp administrasiyasından Nvidia-nın Çinə çip ixracı və ya Censen Huangın Çin kəşfiyyatının əməkdaşı olduğu iddia edilən şəxslə münasibəti ilə əlaqəli bütün sənədlərin qorunub saxlanılmasını tələb ediblər.
Qəzetin məlumatına görə, bu tələb ticarət naziri Hovard Latnikə, dövlət katibi Marko Rubioya və Ağ Evin aparat rəhbəri Stiven Millerə ünvanlanan məktubla çatdırılıb.
WSJ demokrat və respublikaçı konqres üzvlərinin ABŞ-nin çip ixracı və Huangın iştirak etdiyi siyasət qərarları ilə bağlı araşdırma başlanmasına çağırdıqlarını, bəzi digər amerikalı qanunvericilərin isə Huang barəsində məhkəmə çağırışı verilə biləcəyinə işarə etdiklərini bildirib.
Nümayəndələr Palatasının Çin Kommunist Partiyası üzrə Xüsusi Komitəsinin sədri Con Mulenaar çərşənbə günü Fox Business telekanalına açıqlamasında Nvidia rəhbərinin konqres üzvləri ilə görüşmək tələbinə günün sonunadək cavab verməyəcəyi təqdirdə, onun Konqres qarşısına çıxması üçün böyük ehtimalla məcburi çağırış göndəriləcəyini deyib.
Mulenaar, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Rik Krouford ötən həftə Huanga məktub göndərərək Nvidia-nın təhlükəsizlik protokolları və onun Çin adına casusluqda ittiham olunan iş qadını Elis Huangla təmasları barədə qapalı məlumatlandırma toplantısı keçirilməsini tələb etmişdilər.
Mulenaar Fox Business-ə bildirib ki, respublikaçı üzvlər Pekin administrasiyasının məxfi məlumatlara çıxış əldə edib-etmədiyini və ABŞ-nin milli təhlükəsizlik siyasətinə təsir göstərib-göstərə bilmədiyini öyrənmək istəyirlər. O, bu mərhələdə şəffaflığın Huang üçün çox vacib olduğunu düşündüyünü vurğulayıb.

