3 uşağını öldürən ata bu gün edam ediləcək


ABŞ-ın Texas ştatında 2003-cü ildə üç azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən 45 yaşlı Con Allen Rubionun son apellyasiya şikayəti rədd edilib.
AFN.az Türkiyənin "Yeniçağ" qəzetinə istinadən xəbər verir ki, məhkumun edam hökmü bu gün, noyabrın 12-də zəhərli iynə vasitəsilə icra olunacaq. Edam prosesi Hantsvill şəhərində yerləşən ştat həbsxanasında yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 13 noyabr saat 04:00-da) həyata keçiriləcək.
Məhkəmə son müraciəti "hüquqdan sui-istifadə" adlandırıb
Texas Cinayət Apellyasiya Məhkəməsi Rubionun vəkillərinin edamın təxirə salınması ilə bağlı vəsatətini təmin etməyib. Müdafiə tərəfi 2010-cu ildə keçirilən məhkəmə prosesində ittiham tərəfinin şahidi olan məhkəmə psixiatrının münsiflər heyətinə yanlış ifadə verdiyini iddia edirdi. Məhkəmə isə məhkumun mütəmadi etirazlarını "müraciət hüququndan sui-istifadə" kimi qiymətləndirib.
Qeyd edək ki, oktyabr ayında ştat hakimi psixiatrik rəyləri araşdıraraq Rubionun edam edilməsi üçün əqli qabiliyyətinin yerində olduğuna qərar vermişdi.
Dəhşətli qətlin təfərrüatları
Hadisə 2003-cü il martın 11-də Braunsvill şəhərində baş verib. Con Allen Rubio və həmin dövrdəki həyat yoldaşı Ancela Kamaço öz evlərində 3 yaşlı Culissa Kezadanı, 14 aylıq Con E. Rubionu və 2 aylıq Meri Ceyn Rubionu bıçaqlayaraq öldürüblər. Uşaqların meyitlərini evə gələn Rubionun qardaşı və Kamaçonun rəfiqəsi aşkarlayıb.
Rubio həbs olunduğu gündən bəri uşaqların "pis ruhlar tərəfindən ələ keçirildiyini" iddia etsə də, istintaq materiallarına görə, cütlük bu cinayəti uşaqlara maddi cəhətdən baxa bilmədikləri üçün törədib. Ana Ancela Kamaço məhkəmənin hökmü ilə üç dəfə ömürlük həbs cəzasına məhkum edilib.
İki dəfə ölüm cəzası alıb
Rubio ilk dəfə 2003-cü ildə edama məhkum edilsə də, 2007-ci ildə apellyasiya məhkəməsi bu qərarı ləğv etmişdi. 2010-cu ildə keçirilən təkrar məhkəmə prosesində o, yenidən təqsirli bilinərək ölüm cəzasına layiq görülüb. Hər iki prosesdə müdafiə tərəfi onun cinayət anında paranoid şizofreniyadan əziyyət çəkdiyini sübut etməyə çalışsa da, ittiham tərəfinin ekspertləri bunu təkzib ediblər.
"Uşaqlarıma qovuşmağa hazıram"
Kameron dairəsinin baş prokuroru Luis Saenz bu işi peşə fəaliyyəti boyunca qarşılaşdığı ən dəhşətli cinayət hadisəsi kimi xarakterizə edib. Rubio isə yerli KRGV telekanalına verdiyi müsahibədə edam tarixi bəlli olduğu üçün uşaqlarına və Tanrıya qovuşmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, bu edam ABŞ-da zəhərli iynə metoduna dair mübahisələrin yenidən alovlandığı bir dövrə təsadüf edir. Ötən ay Tennessi ştatında məhkum Krista Payka iki doza zəhərli iynə vurulmasına baxmayaraq edam uğursuz olmuş və o, xəstəxanaya yerləşdirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu