Yaponiyanın hakim partiyasında vergi güzəşti üstündə qalmaqal
Yaponiyanın sabiq baş naziri və hakim Liberal Demokrat Partiyasının (LDP) keçmiş sədri Şiqeru İşibaya partiya intizamını pozduğuna görə rəsmi xəbərdarlıq edilib.
AFN.az xəbər verir ki, bu barədə LDP baş katibinin müavini Koiti Haqiuda Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
İşiba hökumət üçün mühüm əhəmiyyət daşıyan, ərzaq məhsullarının satışına tətbiq edilən istehlak vergisinin iki il müddətinə azaldılmasını nəzərdə tutan qanun layihəsi üzrə səsvermədə iştirak etməkdən imtina edib. Sabiq baş nazir hesab edir ki, bu tədbirin maliyyə təminatı yoxdur və sosial xərclərin maliyyələşdirilməsinə təhlükə yarada bilər.
Səsverməni sabiq maliyyə naziri Yoşihisa Fukuqava və hakim partiyanın daha iki nüfuzlu nümayəndəsi də boykot edib. Onlara da rəsmi xəbərdarlıq verilib. Haqiuda bildirib ki, partiyanın birliyini nəzərə alaraq baş verənlərə göz yummaq mümkün deyil və təcrübəli siyasətçilərlə bağlı qəti tədbirlərin görülməsi zəruri olub.
Qeyd edək ki, Yaponiyanın parlamentinin aşağı palatası noyabrın 6-da hökumətin ərzaq məhsullarının satışına tətbiq edilən istehlak vergisinin 2027-ci ilin aprelindən etibarən iki il müddətinə 8 faizdən 1 faizə endirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu, hazırkı baş nazir Sanae Takaitinin seçki proqramının əsas vədlərindən biri olub.
Qanun layihəsi hakim koalisiyaya daxil olan iki partiyanın səsləri ilə qəbul edilsə də, müxalifət qüvvələri sənədin əleyhinə çıxıb. Hazırda layihə hakim partiyaların çoxluğa malik olmadığı parlamentin yuxarı palatasına göndərilib.

