Kuba Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Kuba Rusiya və əməkdaşlıqda maraqlı olan digər dövlətlərlə müxtəlif sahələrdə əlaqələrini genişləndirmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman TASS-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Havana belə əməkdaşlığın hər hansı ölkəyə təhlükə yaratmaq məqsədi daşımadığını, əsas hədəfin tərəflər üçün qarşılıqlı faydalı nəticələr əldə etmək olduğunu bəyan edib.
“Şübhəm yoxdur ki, biz təkcə Rusiya ilə deyil, dünyanın bu əməkdaşlıqda maraqlı olan digər ölkələri ilə də əlaqələrimizi genişləndirəcəyik. Bu, müxtəlif sahələri əhatə edəcək. Məqsəd kiməsə təhlükə yaratmaq deyil, iştirakçı tərəflər üçün faydalı nəticələr əldə etməkdir”, – deyə Soberon Qusman bildirib.
Onun sözlərinə görə, Kuba ilk növbədə öz suverenliyini və müstəqilliyini qorumaq imkanlarını özü təmin etməyə çalışır.
Diplomat xarici tərəfdaşlarla əməkdaşlığın Kuba iqtisadiyyatının inkişafına və ölkə əhalisinin maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, Havananın Moskva və digər dövlətlərlə əlaqələrinin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı barədə iddiaları da rədd edib.
Soberon Qusman ABŞ-ın Quantanamodakı hərbi bazasına diqqət çəkərək Kubada mövcud olan yeganə xarici hərbi obyektin məhz həmin baza olduğunu bildirib.
“Hazırda Kubada yerləşən yeganə xarici hərbi obyekt Quantanamodakı ABŞ hərbi-dəniz bazasıdır. O, xalqımızın iradəsinə zidd olaraq orada fəaliyyət göstərir. Kubada başqa xarici hərbi obyekt yoxdur”, – deyə diplomat qeyd edib.

