Azərbaycanda Zəfər Gününün 6-cı ildönümü qeyd olunur
Bu gün, noyabrın 8-də Azərbaycanda Zəfər Gününün altıncı ildönümü qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının çoxəsrlik tarixində yeni bir səhifə açdı və ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Döyüş əməliyyatlarının ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət edərək Şuşanın işğaldan azad olunduğunu elan etdi.
Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas hərbi-strateji hadisələrdən biri oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat imzalandı və hərbi əməliyyatlar dayandırıldı. Bununla da Azərbaycan müharibədə tarixi Qələbə qazandı, uzun illər işğal altında qalan ərazilərinin böyük hissəsini hərbi yolla azad etdi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Həmin vaxtdan etibarən bu tarix ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunur.
Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli birliyinin, iradəsinin və dövlətçilik əzminin təntənəsi kimi tarixə düşdü. Bu Qələbə uğrunda minlərlə hərbçimiz canından keçdi, qazilərimiz sağlamlığını itirdi. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır.
Bu gün Azərbaycan xalqı 8 Noyabrı böyük qürur və ehtiram hissi ilə qeyd edir. Zəfər Günü həm də Vətən uğrunda mübarizə aparan qəhrəmanların fədakarlığını xatırladan, gələcək nəsillərə ötürülən tarixi gündür.



