Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.
BDU-dan AFN.az-a verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimalı yüksəkdir. Digər tərəfdən, Günəşin səthində L-formalı böyük Tac Dəliyinin (Coronal Hole) olması və buradan öz başlangıcını götürən yüksəksürətli Günəş plazma küləyinin effektləri sayəsində 7 və 8 noyabr tarixlərində geomaqnit qasırqaları gözlənilir.
Yuxarı coğrafi enliklərdə effekt nəzərəçarpacaq olacaqdır. Orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində isə geomaqnit sahəsinin zəif həyəcanlaşmış səviyyədə olacağı proqnozlaşdırılır.





