Çin xarici ölkələrlə əlaqəli korrupsiya hallarına qarşı yeni qanun qəbul edib
Çin transsərhəd korrupsiya ilə mübarizəyə dair yeni qanun qəbul edib.
AFN.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi tərəfindən qəbul edilən sənəd 6 fəsil və 47 maddədən ibarətdir.
Qanun transsərhəd korrupsiya ilə mübarizənin mexanizmlərini, müvafiq qurumların vəzifələrini, araşdırmaların aparılması qaydalarını, beynəlxalq əməkdaşlığı və hüquqi məsuliyyət məsələlərini tənzimləyir.
Sənədin əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, belə əməllərə görə məsuliyyətin təmin edilməsi, digər ölkələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsi, eləcə də Çinin suverenliyinin, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunmasıdır. Qanun həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində qlobal idarəetmənin daha ədalətli və rasional sisteminin formalaşdırılmasına xidmət edir.
Qanun layihəsi ilk dəfə avqust ayında müzakirəyə çıxarılıb və ictimai müzakirə üçün dərc edilib. Noyabrda keçirilən ikinci oxunuş zamanı sənədə dövlət, xidməti və kommersiya sirlərinin, şəxsi məlumatların və məxfiliyin qorunması ilə bağlı müddəalar əlavə olunub.
Bundan başqa, transsərhəd fəaliyyət göstərən Çin şirkətlərinin antikorrupsiya tələblərinə riayət olunmasına cavabdeh bölmələr yaratması və ya bu işə məsul əməkdaşlar təyin etməsi nəzərdə tutulub. Bu tələbin tətbiqində müəssisənin ölçüsü, fəaliyyət sahəsi və risklərin qarşısının alınması üçün gördüyü tədbirlər nəzərə alınacaq.
Qanun dərc edildiyi gündən qüvvəyə minib.


