Rubio istefa verə bilər
ABŞ dövlət katibi Marko Rubionun 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün vəzifəsindən istefa verəcəyi iddia edilib.
AFN.az xəbər verir ki, Britaniyanın “The Independent” nəşrinin ABŞ və Britaniya mənbələrinə istinadən yaydığı məlumata görə, Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq üçün istefa verməyə hazırlaşır. Onun aralıq seçkilərdən əvvəl də bu niyyətdə olduğu bildirilir.
Nəşrin məlumatına görə, aralıq seçkilərdə məğlubiyyət Rubionun istefası ilə bağlı gözləntiləri ikiqat artırıb. ABŞ Prezidenti Donald Trampın hazırkı kabinetində Rubio da daxil olmaqla, beş nəfərin aralıq seçkilərdən sonra prezidentlik yarışına hazırlaşdığı iddia olunur.
Rubioya yaxın ABŞ mənbələrindən biri dövlət katibinin özünü İran müharibəsi ilə bağlı müzakirələrdən uzaqlaşdırmaq və bu məsələdə məsuliyyəti Trampın üzərinə qoymaq istədiyini bildirib.
Mənbə qeyd edib ki, Rubionun istefa verərək administrasiyadan ayrılmaq istəməsi tamamilə başadüşüləndir. Onun sözlərinə görə, Rubio hazırda Respublikaçıların əsas namizədidir və ABŞ-ın vitse-prezidenti Cey Di Vensdən xeyli öndədir. Bununla belə, dövlət katibi vəzifəsində olduğu müddətdə prezidentlik yarışına qoşula bilməz. Administrasiyaya bağlı qalması onun uğur şanslarına təsir göstərə bilər.
Digər bir Respublikaçı mənbə isə ölkənin tamamilə Trampa qarşı olduğunu iddia edib. O bildirib ki, xəritədə İranın yerini göstərə bilməyən insanlar bu müharibəni anlamırlar. Yanacağın qiymətləri insanları qəzəbləndirir. Mənbənin fikrincə, Demokratlar Nümayəndələr Palatası və Senatda nəzarəti ələ keçirdikdə yalnız Trampa qarşı impiçment cəhdləri müşahidə olunacaq və belə bir şəraitdə heç kim vəzifəsində qalmaq istəməz.
Britaniya hökumətindən olan başqa bir mənbə də Rubionun vəzifəsindən ayrılacağı ilə bağlı təəssüratını bölüşüb. Mənbə aralıq seçkilərdən sonra onun hansı addımı atacağını izlədiklərini, vəzifəsində qalmasının o qədər də mümkün görünmədiyini bildirib. O, Rubionun güclü prezidentliyə namizəd olacağını və yarışa qoşulmasının gözlənildiyini vurğulayıb.
ABŞ hökumətinə yaxın mənbələrdən biri isə hələlik istefa ilə bağlı heç bir siqnalın olmadığını, lakin aralıq seçkilərdən sonra Ağ Evdəki vəziyyətə uyğun olaraq durumun dəyişə biləcəyini deyib.
Ağ Evdən başqa bir mənbə isə Rubionun aralıq seçkilərdən sonra sabitlik görüntüsünü qorumaq məqsədilə vəzifəsində qala biləcəyini və hökumətdə mülayim mövqeli səslərdən biri rolunu oynaya biləcəyini irəli sürüb.
“The Independent” istefa iddiaları ilə bağlı Ağ Evə və Dövlət Departamentinə də müraciət edib.
Ağ Evin sözçüsü Devis İnql nəşri Tramp və onun administrasiyası haqqında əsassız və yalan sui-qəsd nəzəriyyələrini yaymaqda ittiham edib.
İnql qəzetə cavabında bildirib ki, “The Independent”in jurnalistlərini nə qədər narahat etsə də, bu komanda Amerika xalqı üçün qələbələr qazanmağa davam edəcək.
Dövlət Departamentinin mətbuat katibinin müavini Dilan Consona aid edilən açıqlamada isə xəbərin uydurulmuş və anonim mənbələrə əsaslandığı qeyd olunub.
Açıqlamada “The Independent” qəzeti qarşıdakı həftələrdə xəbərə yenidən qayıdaraq öz qapısına vurduğu avtoqolu qeyd etməyə çağırılıb.
