Əli Məsimli: Regionlarda pensiyaçılar orta pensiya deyil, median pensiya alır
“Gələn il orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır. Amma regionlarda yaşayan insanların əksəriyyəti 640 manatlıq orta pensiya almır, median pensiya alır”.
Bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2027-cı il üçün büdcə layihələrinin müzakirəsi zamanı bildirib.
“Ona görə bu artımın median pensiyaya nə qədər təsiri olacaq? İstərdim ki, bu məsələ araşdırılsın. Çünki bu, bilavasitə regionda yaşayan pensiyaçılar üçün çox prinsipial xarakter daşıyır.
Son 5 ili analiz etsək, minimum pensiya 200 manatdan 320 manata çatıb, yəni cəmi 120 manat artıb. Amma minimum pensiya almaq üçün tələb olunan yığım isə 28 min 800 manatdan 46 min 080 manata çatıb. Qısa müddət ərzində 120 manatın fonunda 17 min manatdan artıq artım var. Biri inzibati artım həddidir, o biri isə iqtisadi artım həddidir. Bu isə xüsusən regionlarda yaşayan insanların minimum pensiya əlçatanlığını azaldır və regionlarda yaşlı nəslin hesabına xeyli dərəcədə yoxsul insanlar formalaşmağa başlayıb. Hesab edirəm ki, bu, kifayət qədər ciddi məsələdir, bunun qarşısını almaq üçün ciddi analizlər aparıb orada indeksləşdirmədən və s. istifadə edib pensiyaçılar üçün əlçatanlığı artırmaq lazımdır. Son beş ilin nəticələrinə baxsaq, görərik ki, pensiyaçıların sayı 130 min nəfər azalıb. Amma qocalıq pensiyası alanların sayı isə 180 minə gəlib çatıb. Onlar 220 manat alır ki, bu da yaşayış minimumundan aşağıdır”, - deputat qeyd edib.


