Məqsədimiz insanlara sağlamlıq və keyfiyyətli xidmət təqdim edən davamlı turizm modeli yaratmaqdır – Ceyhun Aşurov
Azərbaycanda tibbi və termal turizmin inkişafında aparıcı rol oynayan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası AHTTSA) Bakıda keçirilən III Beynəlxalq Sağlamlıq Turizmi Konfransında və panel müzakirələrində fəal tərəfdaş kimi geniş heyətlə iştirak edir. Assosiasiya nümayəndələri ölkənin sanator-kurort potensialının qlobal bazarlara inteqrasiyası və yeni investisiya imkanlarının cəlb edilməsi istiqamətində müzakirələrə qoşulublar.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı sağlamlıq, tibb və kurort-bərpa turizmi sahəsində dünyanın qabaqcıl ekspertlərini, dövlət rəsmilərini və özəl sektor nümayəndələrini bir araya gətirib. Konfransda Almaniya, Avstriya, Böyük Britaniya, Türkiyə, Macarıstan, Çexiya, Qırğızıstan və Gürcüstan da daxil olmaqla, bir çox ölkələrdən beynəlxalq mütəxəssislər, tibb müəssisələrinin rəhbərləri və turizm operatorları iştirak edir. Tədbirin əsas məqsədi Azərbaycanın zəngin sağlamlıq-bərpa potensialını, o cümlədən Naftalan nefti və termal-mineral sularını qlobal səviyyədə tanıtmaq, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ceyhun Aşurov konfransla bağlı fikirlərini AFN.az-la bölüşərkən bildirib ki, bu tədbirə dünyanın müxtəlif ölkələrindən mütəxəssislər turizmin bir istiqamətini müzakirə etmək üçün deyil, səhiyyə, turizm, iqtisadiyyat, investisiya və beynəlxalq əməkdaşlığın kəsişdiyi mühüm bir sahənin gələcəyini müzakirə etmək üçün toplaşıb: “Azərbaycan tarixən zəngin təbii müalicə resurslarına, əlverişli iqlim şəraitinə və müxtəlif coğrafi xüsusiyyətlərə malik ölkədir. Ölkəmizin sağlamlıq turizmi potensialını formalaşdıran əsas üstünlüklər sırasında Naftalanın unikal müalicəvi nefti, mineral və termal sular, müalicəvi palçıqlar, duz mağaraları, dağ və meşə termal su ehtiyatları da böyük inkişaf perspektivlərinə malikdir. Lakin hesab edirəm ki, bu resursların mövcudluğu hələ tam formalaşmış sağlamlıq turizmi məhsulu demək deyil. Əsas vəzifəmiz təbii potensialı elmi əsaslandırılmış, keyfiyyətli, təhlükəsiz və beynəlxalq bazarda rəqabətqabiliyyətli turizm məhsuluna çevirməkdir.
Müasir dövrdə sağlamlıq turizmi anlayışı artıq yalnız sanatoriyalarda müalicə almaqla məhdudlaşmır. Dünya bazarında tibbi turizm, profilaktik sağlamlıq xidmətləri, reabilitasiya, wellness, termal və spa turizmi, sağlam həyat tərzi və uzunömürlülük istiqamətləri sürətlə inkişaf edir. İnsanlar artıq yalnız xəstə olduqda deyil, sağlamlıqlarını qorumaq, həyat keyfiyyətlərini yaxşılaşdırmaq, stressdən uzaqlaşmaq və fiziki-psixoloji bərpa üçün də səyahət edirlər.
Bu tendensiya Azərbaycan üçün də yeni iqtisadi imkanlar yaradır. Hesab edirəm ki, sağlamlıq turizminin inkişafı turizm mövsümünün uzadılmasına, regionlarda yeni iş yerlərinin yaradılmasına, xarici valyuta daxilolmalarının artırılmasına və ölkəmizə daha yüksək əlavə dəyər yaradan turistlərin cəlb edilməsinə töhfə verə bilər”.
Rəhbərlik etdiyi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının qarşıya qoyduğu əsas vəzifənin bu sahədə fəaliyyət göstərən dövlət və özəl qurumları, klinikaları, sanatoriyaları, hotelləri, turizm şirkətlərini və beynəlxalq tərəfdaşları bir araya gətirmək olduğunu deyən Ceyhun Aşurov bildirib ki, AHTTSA üzvləri sağlamlıq və termal turizm sahəsində məlumat mübadiləsini, peşəkar əməkdaşlığı, təcrübə transferini və yeni biznes əlaqələrinin qurulmasını dəstəkləyir. Həmçinin bu konfransda təmsil olunan beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusilə vacib hesab edir: “Biz inanırıq ki, Azərbaycanın sağlamlıq turizmi yalnız daxili turizm məhsulu kimi deyil, beynəlxalq turizm bazarında ayrıca və rəqabətqabiliyyətli istiqamət kimi inkişaf edə bilər. Bunun üçün təbii sərvətlərimizi müasir səhiyyə infrastrukturu, elmi yanaşma, peşəkar xidmət və beynəlxalq əməkdaşlıqla birləşdirməliyik.
Bizim məqsədimiz sadəcə daha çox turist cəlb etmək deyil. Məqsədimiz insanlara sağlamlıq, keyfiyyətli xidmət və etibarlı təcrübə təqdim edən davamlı turizm modeli yaratmaqdır. İnanıram ki, bu konfrans yeni tərəfdaşlıqların, konkret layihələrin və uzunmüddətli əməkdaşlığın başlanğıcı olacaq”.
Fəxriyyə ABDULLAYEVA


