Aİ beş ölkənin üzvlük prosesi üzrə yol xəritələrini açıqlayıb



Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Monteneqronun üzvlük sazişi imzalanana qədər atmalı olduğu addımları, Albaniya, Moldova və Ukraynanın isə üzvlük danışıqlarında növbəti bir il ərzində əldə etməli olduqları hədəfləri müəyyənləşdirən yol xəritələrinin hazırlandığını bildirib.

AFN.az xəbər verir ki, Kos Aİ Komissiyasının namizəd ölkələrlə bağlı son qiymətləndirmələrini əks etdirən 2026-cı il Genişlənmə Paketini Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində təqdim edib.

Son bir ildə Aİ-yə üzvlük istiqamətində ən çox irəliləyiş əldə edən dörd ölkə üçün yol xəritəsi hazırladıqlarını bildirən Kos, Monteneqronun yol xəritəsində üzvlük sazişinin imzalanmasına qədər atılacaq addımların, digər üç ölkənin yol xəritələrində isə qarşıdakı bir ilə dair hədəflərin yer aldığını söyləyib.

Hər ölkənin öz islahatlarının nəticələrinə əsasən qiymətləndiriləcəyini və üzvlük şərtlərinin tam yerinə yetirilməli olduğunu vurğulayan Kos, Monteneqronun danışıqlar üzrə 21 fəslini müvəqqəti bağladığını, qalan fəsillərin də ilin sonunadək müvəqqəti bağlana biləcəyini qeyd edib.

Monteneqronun üzvlük sazişi üzərində işə başlanıldığını bildirən Kos, ölkənin 2028-ci ildə Aİ-nin 28-ci üzvü olmaq istiqamətində irəlilədiyini deyib.

Kos Albaniyanın əsas məsələlər üzrə aralıq meyarları yerinə yetirdikdən sonra dörd danışıqlar fəslini müvəqqəti bağladığını bildirib. O, islahatların davam etdirilməsi halında ölkənin danışıqları 2027-ci ilin sonunadək tamamlamaq hədəfinə çata biləcəyini söyləyib.

Kos hüququn aliliyi, məhkəmə müstəqilliyi, mətbuat azadlığı və fundamental hüquqların qorunmasının islahat prosesində prioritet olduğunu vurğulayıb.

Moldova və Ukraynanın qalan danışıqlar qruplarının hamısını açmağa hazır olduğunu bildirən Kos, Aİ Şurasının qalan iki qrup üzrə qısa müddətdə razılığa gələcəyinə ümid etdiyini qeyd edib.

Kos Moldovanın 2028-ci ilin əvvəlində üzvlük danışıqlarını tamamlamaq hədəfinə çatması üçün islahatları sürətləndirməli olduğunu deyib.

Aİ Komissiyasının üzvü Ukraynanın isə hüququn aliliyi ilə bağlı aralıq meyarları yerinə yetirməyə, demokratik institutlar və dövlət idarəçiliyində islahatlara dair yol xəritələrini həyata keçirməyə üstünlük verməli olduğunu bildirib.

Kos namizəd ölkələrin üzvlükdən əvvəl Aİ ilə daha sıx inteqrasiyasını təmin etmək məqsədilə yeni mərhələli inteqrasiya modeli təqdim etdiklərini bildirib. Yeni modelin həm namizəd ölkələrə, həm də Aİ üzvlərinə fayda verəcəyini vurğulayan Kos, 2027-ci ilin ilk rübündə genişlənmə prosesində iştirak edən ölkələrlə danışıqlara başlayacaqlarını açıqlayıb.

Kos danışıqlar zamanı mövcud tədbirlərin qiymətləndiriləcəyini və yeni inteqrasiya imkanlarının müzakirə olunacağını qeyd edib.

Aİ Komissiyasının üzvü Serbiyada, xüsusilə ifadə və akademik azadlıqlar sahəsində geriləmə yaşandığını bildirib. O, yeni hökumətin demokratik institutları gücləndirmək və fundamental hüquqları qorumaq üçün addımlar ata biləcəyini söyləyib.

Kos Şimali Makedoniyanın ilk danışıqlar qrupunun açılması üçün tələb olunan meyarlar üzrə texniki irəliləyiş əldə etdiyini, lakin ölkənin üzərinə götürdüyü konstitusiya dəyişikliklərini tamamlamalı olduğunu bildirib.

Kos Bosniya və Herseqovinada hakim koalisiyanın fəaliyyət göstərə bilməməsi səbəbindən Aİ-yə üzvlük üçün zəruri islahatların gecikdiyini deyib.

Kosovoda isə institusional dalanın hesabat dövründə islahatlara mane olduğunu bildirən Kos, islahat gündəliyinin həyata keçirilməsi istiqamətində işlərin son dövrlərdə sürətləndiyini qeyd edib.

Gürcüstanın üzvlük prosesinin faktiki olaraq dayandığını bildirən Kos, hakim partiyanın demokratiya, hüququn aliliyi və fundamental hüquqlar sahəsində atdığı addımların ölkənin Aİ-yə üzvlük prosesinə zərər vurduğunu deyib.

Kos Gürcüstan rəhbərliyinin mövqeyini dəyişəcəyi təqdirdə ölkənin Aİ-yə gedən yolunun açıq olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu