Sançes ABŞ və Braziliyadakı nəticələrin İspaniyada da təkrarlanacağını deyib



İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratların Respublikaçılar üzərində üstünlük qazanmasının ölkəsində noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkilərində sosialistlərə fayda verəcəyini iddia edib.

AFN.az xəbər verir ki, Sançes ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabında etdiyi paylaşımda bildirib ki, dünən Amerika cəmiyyəti yalnız insanları yoxsullaşdıran siyasətlərə qarşı səs verib. O, seçicilərin nifrətə, seksizmə, iqlim dəyişikliyini inkar etməyə və elitaların imtiyazlarına qarşı mövqe tutduğunu qeyd edib.

Braziliyada solçu Luiz İnasio Lula da Silvanın oktyabrın 25-də keçirilən ikinci tur seçkilərindən sonra dördüncü dəfə ölkə prezidenti seçilməsinə və ABŞ Prezidenti Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinə istinad edən Sançes deyib:

Braziliyada belə oldu. ABŞ-da da belə oldu. Yaxın vaxtlarda İspaniyada da belə olacaq. Əsas müxalifətdəki Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo və Vox Partiyasının lideri Santyaqo Abaskalın minməyə çalışdığı ifrat sağ dalğa artıq böyümür, əksinə, çökür.

Bu arada Xarici İşlər naziri Xose Manuel Albares də İbero-Amerika Konfransı çərçivəsində mətbuata açıqlamasında Sançesə bənzər mövqe sərgiləyərək ABŞ-dakı seçkilərin nəticələrinin İspaniyada sosialistlərə müsbət təsir göstərəcəyini iddia edib.

Albares bildirib ki, ABŞ-da Demokratların tarixi miqyaslı qələbəsi ilə müşahidə olunan dəyişiklik dalğasının bir neçə gün əvvəl Braziliyada olduğu kimi İspaniyada da davam edəcəyini gözləyirlər. Onun sözlərinə görə, söhbət tamamilə eyni məsələdən gedir.

ABŞ-da mühüm dəyişiklik baş verdiyini bildirən Albares seçicilərin əməkdaşlıq, yoxsa qarşıdurma, dialoq, yoxsa gücün hökm sürdüyü qaydalar tərəfdarı olduqları suallarına seçki qutularında cavab verdiklərini iddia edib.

İspaniyada noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi dərc olunan bütün sorğular isə hazırda əsas müxalifətdə olan sağçı Xalq Partiyası ilə ifrat sağçı Vox Partiyasının koalisiya şəklində hakimiyyətə gəlmək üçün parlament çoxluğunu əldə edəcəyini, sol qüvvələrin isə ciddi səs itkisi yaşayacağını göstərir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu