ABŞ-da aralıq seçkilərdən sonra siyasi liderlərdən açıqlamalar



ABŞ-da keçirilən aralıq seçkilərdə qeyri-rəsmi nəticələrə görə, Konqresdə qüvvələr nisbətinin Respublikaçıların əleyhinə dəyişməsindən sonra Barak Obama və Berni Sanders kimi tanınmış siyasətçilər açıqlamalar veriblər.

ABŞ vətəndaşları Konqresdəki yeni bölgü ilə yanaşı, 36 ştatda qubernatorları və yerli qanunverici orqanların üzvlərini müəyyənləşdirmək üçün səs veriblər.

AFN.az xəbər verir ki, ilkin qeyri-rəsmi nəticələrə əsasən, Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu itiriblər.

ABŞ-ın keçmiş Demokrat prezidenti Barak Obama seçki nəticələri dəqiqləşməyə başladıqdan sonra ABŞ-ın X sosial media platformasında açıqlama yayıb.

Obama bildirib ki, bu gecə Amerika xalqı aydın mesaj verib: insanlar onları parçalamaq əvəzinə bir araya gətirən siyasət və üzləşdikləri çətinliklərə konkret həll yolları təklif edən liderlər istəyirlər.

ABŞ Prezidenti Donald Trampın vəzifə müddətinin daha iki il davam edəcəyinə diqqət çəkən Obama indi görülməli işin qolları çırmalamaq, mümkün olan bütün sahələrdə dəyişikliklər etmək, daha çox zərərin qarşısını almaq və gələcəyin təməlini qoymaq olduğunu bildirib.

ABŞ-ın müstəqil senatoru Berni Sanders də paylaşımında Demokratların artıq Nümayəndələr Palatasına və Senata nəzarət edəcəyini, Trampın isə etdiklərinə görə məsuliyyətə cəlb olunacağını bildirib.

Senatın və Nümayəndələr Palatasının Demokratların nəzarətinə keçməsini möhtəşəm hadisə kimi qiymətləndirən Sanders artıq bəhanələrinin qalmadığını qeyd edib.

Digər tərəfdən, seçki nəticələrindən sonra Ağ Evin Kommunikasiya direktoru Stiven Çunqun paylaşımı da diqqət çəkib.

Çunq paylaşımında Donald Trampın ABŞ prezidenti olduğunu və hələ də ölkənin prezidenti olaraq qaldığını bildirib.

SpaceX və Tesla şirkətlərinin qurucusu, Respublikaçılara yaxınlığı ilə tanınan İlon Mask sosial media hesabında paylaşım edərək, seçkilərə müdaxilə edən kosmik lazerlərinin bu dəfə, görünür, işə yaramadığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu