Demokratlar Tramp administrasiyasını araşdırmağı planlaşdırırlar
ABŞ-da Demokratlar noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə Prezident Donald Trampın administrasiyasını genişmiqyaslı yoxlamaya cəlb etməyi və araşdırmağı planlaşdırırlar.
AFN.az xəbər verir ki, partiya yeni Konqresin fəaliyyətə başlayacağı yanvar ayından etibarən ilk 100 gün üçün gündəlik hazırlayır.
ABŞ-da noyabrın 3-də 435 yerlik Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 100 yerlik Senatın 33 üzvü seçiləcək.
Demokratlar aralıq seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazandıqları halda, yanvar ayında fəaliyyətə başlayacaq yeni Konqresin ilk 100 günündə həyata keçirməyi planlaşdırdıqları tədbirlər üzərində işləyirlər.
Tramp administrasiyasını genişmiqyaslı yoxlamaya cəlb etməyi planlaşdıran Demokratların xarici siyasət gündəmində İran müharibəsinin sona çatdırılması və Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarının ləğvi ön plana çıxır.
Demokratlar Konqresdə müharibə səlahiyyətləri ilə bağlı yeni qətnamə layihələrini gündəmə gətirərək Tramp administrasiyasına İrandakı hərbi əməliyyatları dayandırması üçün təzyiq göstərməyi planlaşdırırlar.
Nümayəndələr Palatasında Demokrat azlığın lideri Hakim Ceffris partiyasının əsas prioritetlərinin tibbi sığorta xərclərinin azaldılması, Trampın tətbiq etdiyi gömrük rüsumlarının ləğvi və İran müharibəsi ilə bağlı səsvermənin keçirilməsi olduğunu bildirib.
Ceffris Nümayəndələr Palatasının Nəzarət və Hüquq komitələrindəki təcrübəli demokrat üzvlərə Tramp administrasiyası ilə bağlı araşdırmalar hazırlamaq tapşırığı verib. O, prezidentin vəzifədən kənarlaşdırılmasının nə gündəmdə olduğunu, nə də gündəmdən kənar qaldığını vurğulayıb.
Ceffris ərzaq və benzin qiymətlərinin aşağı salınmasının, tibbi xidmətlərin hər bir amerikalı üçün əlçatan olmasının vacibliyini qeyd edib. O, həmçinin ABŞ xalqına görünməmiş korrupsiya yaşatdıqlarını bildirdiyi şəxslərin məsuliyyətə cəlb olunacağını deyib.
Demokratların korrupsiyaya qarşı mübarizə çərçivəsində aparacağı araşdırmaların Prezident Donald Trampı, onun ailəsini və administrasiyasını əhatə edəcəyi bildirilir.
