Tramp seçkilərdə vətəndaşlıq sənədinin məcburi olmasını tələb etdi
ABŞ Prezidenti Donald Tramp ölkədəki seçkiləri "saxtalaşdırılmış" adlandıraraq, bu sistemin dünyada gülüş obyektinə çevrildiyini iddia edib. O, səsvermə üçün seçici şəxsiyyət vəsiqəsinin məcburiliyi və vətəndaşlıq sənədi şərtinin gətirilməsini tələb edib.
Tramp sosial media hesabından etdiyi paylaşımda bu ifadələri işlədib: "ABŞ-dakı seçkilər saxtalaşdırılıb, oğurlanıb və bütün dünyada gülüş obyektidir. Ya bunları düzəldəcəyik, ya da artıq bir ölkəmiz olmayacaq".
Səsvermə və seçici qeydiyyatı proseslərinə daha sərt tənzimləmələrin gətirilməsini nəzərdə tutan "SAVE Act" qanun layihəsinə əməl olunmasını istəyən Tramp, aşağıdakı çağırışları edib:
* Bütün seçicilər üçün məcburi şəxsiyyət vəsiqəsi tətbiqi;
Qeydiyyat zamanı ABŞ vətəndaşlığını sübut edən sənədin təqdim edilməsi;
Xüsusi hallar istisna olmaqla, poçt vasitəsilə səsvermənin ləğv edilməsi.
Tramp "NBC News" telekanalına verdiyi müsahibədə bu tənzimləmənin seçki sistemlərini təhlükəsiz hala gətirəcəyini bildirib. O, Demokrat seçicilərin 82%-nin də şəxsiyyət vəsiqəsi şərtini dəstəklədiyini iddia edərək vurğulayıb: "Mən Demokrat siyasətçilərdən deyil, Demokrat seçicilərdən danışıram".
Ara seçkilər və siyasi gərginlik
ABŞ-da seçicilər ara seçkilər üçün noyabrın 3-də sandıq başına gedəcəklər. Seçkilərdə ABŞ Nümayəndələr Palatasındakı 435 yerin tamamı və ABŞ Senatındakı 100 yerdən 35-i müəyyənləşəcək. Tramp seçkilər öncəsi Respublikaçılara ölkədəki seçkiləri "milliləşdirmək" çağırışı edərək Demokratların sərt reaksiyasına səbəb olub.

