ABŞ Konqresinə Trampın vəzifə səlahiyyətləri ilə bağlı qanun layihəsi təqdim edilib



ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin Konqresə Prezident Donald Trampın vəzifə səlahiyyətlərini icra etmək üçün fiziki və zehni yetərliliyinin yoxlanılması məqsədilə xüsusi komissiyanın yaradılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

AFN.az xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, "Prezidentin Səlahiyyət və Məsuliyyətlərini Yerinə Yetirmə Yetərliyi Komissiyası"nın yaradılmasını təklif edən bu sənəd Konqresin tələbi ilə dövlət başçısının tibbi müayinədən keçirilməsini ehtiva edir.

ABŞ Konstitusiyasına əsasən, prezidentin vəzifəsini icra edə bilmədiyi müəyyən edilərsə, səlahiyyətlər vitse-prezidentə və kabinetin əksəriyyətinin, yaxud Konqres tərəfindən yaradılmış orqanın yazılı bəyanatı ilə ötürülə bilər. Hazırda 50 demokrat üzvün dəstəklədiyi bu layihənin respublikaçıların çoxluq təşkil etdiyi Konqresdə qəbul edilmə ehtimalı aşağı qiymətləndirilir.

Raskin öz təklifini Trampın sivilizasiyaları məhv etmə təhdidləri, Yaxın Şərqdə yaratdığı xaos, Roma Papası 14-cü Leoya qarşı təhqiramiz ifadələri və özünü İsa peyğəmbərə bənzədən rəsmləri paylaşması ilə əsaslandırıb. Konqresmen qeyd edib ki, bu cür hərəkətlər prezidentin idarəetmə qabiliyyətinə olan ictimai inamı sarsıdıb və məsələ artıq milli təhlükəsizlik probleminə çevrilib.

Xatırladaq ki, Tramp bir müddət əvvəl Papanı xarici siyasətdə bərbad və nüvə silahları məsələsində zəif olmaqda ittiham etmişdi. ABŞ qanunlarına görə, prezidentin vəzifədən kənarlaşdırılması üçün Nümayəndələr Palatasında sadə səs çoxluğu, Senatda isə üçdə iki səs çoxluğu tələb olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu