Hitlerin “Qartal yuvası” nda baş verən yanğının miqyası açıqlanıb
Adolf Hitlerin Bavariyada yerləşən keçmiş çay evi yanğın nəticəsində ciddi zərər görüb.
AFN.az xəbər verir ki, dağıntıların miqyası barədə Bild qəzeti polisə istinadən məlumat yayıb.
Hitlerin “Qartal yuvası” (Kehlştaynhaus) adlanan iqamətgahında yanğın oktyabrın 23-də gec saatlarda başlayıb. Təcili yardım xidmətləri binaya bərpası mümkün olmayan zərər dəydiyindən və böyük ehtimalla onu xilas etməyin mümkün olmayacağından ehtiyat edirlər. Yanğının söndürülməsi davam edir. Əməliyyat binanın hündürlüyü 1834 metr olan Kehlştayn dağının zirvəsində yerləşməsi səbəbindən çətinləşir. Yanğın nəticəsində xəsarət alan olmayıb.
“Qartal yuvası” Bavariya Alplarında yerləşən kiçik çay evidir. Martin Borman onu Hitlerin 50 illik yubileyi münasibətilə Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) hədiyyəsi kimi təqdim edib. Bina fürerin əsas iqamətgahı olan Berqhofun yaxınlığında tikilib. 1952-ci ildən etibarən burada dağ restoranı fəaliyyət göstərir və bina tarixi abidə kimi tanınır.
Yanğının başvermə səbəbləri araşdırılır. Gecə saatlarında yanan iqamətgaha gedən yolda zabitlərin qarşısına motosikletçi çıxıb. O, yanğını törətməkdə şübhəli bilinərək saxlanılıb. Nəşrin məlumatına görə, şübhəli Bavariya sakinidir. Hazırda o, dindirilir.


