Nigeriyada qəribə toy hədiyyəsi: yeni evlənənlərə günəş panelləri bağışlanır
Nigeriyada yanacağın bahalaşması və əsasən Çindən gətirilən günəş enerjisi avadanlıqlarının ucuzlaşması günəş panellərini yeni evlənənlər üçün populyar toy hədiyyəsinə çevirib.
AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, günəş panelləri, akkumulyatorlar və invertorlar Nigeriyada yeni ailə quranlara ənənəvi olaraq verilən yataq dəstləri və məişət texnikası kimi adi toy hədiyyələri sırasına daxil olmağa başlayıb.
Ölkədə elektrik şəbəkələrinin ötürücülük imkanları kifayət etmədiyindən əhalinin böyük hissəsi elektrik enerjisini özü təmin edir. Bunun üçün əsasən generatorlardan istifadə olunsa da, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yanacağın bahalaşması nigeriyalıları günəş panellərinə yönəldir.
Bu avadanlıqların əsas tədarükçüsü Çindir. Ölkə istehsal artıqlığı səbəbindən günəş enerjisi avadanlıqlarını xarici bazarlara çıxarır və qiymətləri aşağı salır.
Məlumata əsasən, 2025-ci ilin sonuna doğru evlərdə quraşdırılmış günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin həcmi milli şəbəkə vasitəsilə təmin olunan enerjini ötüb. 2026-cı ildə isə Nigeriyada quraşdırılan panellərin sayı artıq 2024 və 2025-ci illərdə birlikdə quraşdırılan panellərin ümumi sayını üstələyib.
Agentlik 2025-ci ildə də Nigeriyanın enerji sektorunun müasirləşdirilməsinə ciddi ehtiyac olduğunu qeyd edib. Afrikanın əhalisinin sayına görə ən böyük ölkəsi olan Nigeriyada həmin vaxt əhalinin sayı 237,5 milyon nəfər göstərilib.
Milli elektrik şəbəkəsində sistemli nasazlıqlar enerji çatışmazlığı problemini daha da dərinləşdirir. Nigeriyanın “Vanguard” nəşrinin məlumatına görə, böhranın səbəblərindən biri enerji infrastrukturuna uzun müddətdir kifayət qədər vəsait ayrılmamasıdır.


