PHP-də serverlər üçün təhlükə yaradan iki kritik təhlükəsizlik boşluğu aradan qaldırılıb



İnternet saytlarının hazırlanmasında geniş istifadə olunan PHP proqramlaşdırma dilində serverlər üzərində nəzarətin ələ keçirilməsinə səbəb ola biləcək iki kritik təhlükəsizlik boşluğunu aradan qaldırmaq üçün yeniləmə yayımlandığı açıqlanıb. 

AFN.az xəbər verir ki, PHP-nin inkişaf komandası təhlükəlilik dərəcəsi 10 ballıq şkala üzrə 9,2 qiymətləndirilən iki boşluğun aşkarlandığını bildirib.

Açıqlamada sözügedən boşluqların hücumçulara autentifikasiya aparmadan uzaqdan zərərli kod işlətmək və serverlər üzərində nəzarəti ələ keçirmək imkanı verə biləcəyi barədə xəbərdarlıq edilib.

Təhlükəsizlik boşluqlarının PHP vasitəsilə sistemlərə təsir göstərdiyi, xüsusilə Apache serverlərində istifadə olunan mod_php konfiqurasiyasında riskin daha yüksək olduğu qeyd edilib.

Açıqlamada boşluqların PHP-nin 8.5.12, 8.4.27, 8.3.36 və 8.2.35 versiyalarında aradan qaldırıldığı bildirilib və bütün istifadəçilər sistemlərini dərhal yeniləməyə çağırılıb.

PHP 8.1 və daha köhnə versiyaların artıq rəsmi yeniləmə dəstəyi almadığı xatırladılıb. Bu versiyalardan istifadə edənlərə dəstəklənən versiyalara keçmək və ya proqram təminatı təchizatçılarından təhlükəsizlik yamaları əldə etmək tövsiyə olunub.

PHP-nin inkişaf komandası başqa bir açıqlamasında təhlükəsizlik boşluqlarından biri ilə bağlı ilkin əlamətlərin 2024-cü ildə aşkarlandığını, lakin həmin vaxt boşluğun ciddiliyinin konkret şəkildə müəyyən edilə bilmədiyini bildirib.

Açıqlamada boşluğun aradan qaldırılması istiqamətində işlərin texniki fikir ayrılıqları və mütəxəssis çatışmazlığı səbəbindən dəfələrlə dayandığı qeyd olunub. Bildirilib ki, gecikmə həm təhlükəsizlik komandasının qərarvermə prosesindəki problemlərdən, həm də resurs çatışmazlığından qaynaqlanan struktur uğursuzluğu olub.

Açıqlamada OpenAI şirkətinin Patch the Planet proqramı çərçivəsində aparılan təhlükəsizlik araşdırmaları zamanı avqust və sentyabr aylarında boşluqdan zərərli məqsədlərlə necə istifadə edilə biləcəyinə dair yeni məlumatların əldə edildiyi bildirilib.

Bu nəticələrdən sonra boşluqların aradan qaldırılmasına üstünlük verildiyi, təhlükəsizlik boşluqları barədə məlumatların sosial mediada yayılmasının ardınca yeniləmə cədvəlinin irəli çəkildiyi qeyd olunub.

PHP-dəki təhlükəsizlik boşluqlarını aşkar edən kibertəhlükəsizlik şirkətlərindən biri olan Wiz Research araşdırma zamanı süni intellekt modellərindən istifadə edildiyini açıqlayıb.

Şirkətin məlumatında PHP-nin mənbə kodundakı boşluqların mürəkkəb quruluşlarına görə əvvəllər aşkarlanmasının çətin olduğu bildirilib.

Açıqlamada araşdırmalarda Gemini 4 Argon və GPT-5.6 Sol modellərindən istifadə edildiyi, xüsusilə Gemini 4 Argon-un boşluqların aşkarlanmasında və təhlükəsizlik yamalarının yoxlanılmasında mühüm rol oynadığı qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu