Aİ SpaceX-dən Ukraynada Starlink xidmətini tam gücü ilə bərpa etməyi tələb edib
Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynanın istifadə etdiyi SpaceX şirkətinə məxsus Starlink peyk sistemində sürətin azaldıldığına dair iddialardan sonra şirkəti xidmətləri təcili şəkildə bərpa etməyə çağırıb.
AFN.az xəbər verir ki, Aİ Komissiyasının nümayəndəsi Tomas Renye bu barədə Brüsseldə keçirilən gündəlik mətbuat konfransında danışıb.
Renye Starlink xidmətinin sürətinin azaldılması ilə bağlı xəbərlərin son dərəcə narahatedici olduğunu bildirib. O qeyd edib ki, Ukraynaya vətəndaşlarını qorumaq, hərbçilərin rabitəsini təmin etmək və pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün bu xidmət lazımdır.
Aİ Komissiyasının sözçüsü SpaceX-i Ukraynaya göstərilən xidmətləri təcili şəkildə tam gücü ilə bərpa etməyə çağırıb.
Rusiya-Ukrayna müharibəsinin Avropanın təhlükəsizliyinin kosmosdan asılı olduğunu üzə çıxardığını deyən Renye, Avropanın bu sahədə daha çox iş görməli olduğunu vurğulayıb.
Renye IRIS peyk rabitə şəbəkəsinin genişləndirilməsi və ümumilikdə 348 peykdən ibarət sistemin inkişaf etdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu sistem həm mülki, həm də hərbi istifadə üçün ən təhlükəsiz peyk bağlantısını təmin edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski Starlink xidmətinin ölkədə tamamilə dayandırılmadığını, lakin sürət məhdudiyyətləri səbəbindən sistemdən bəzi hərbi və humanitar məqsədlər üçün istifadənin məhdudlaşdığını bildirmişdi.
Zelenskinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Serhiy Beskrestnov da Starlink sistemində Ukrayna ordusunun istifadə etdiyi hərbi paket üzrə internet sürətinə məhdudiyyət qoyulduğunu açıqlamışdı.
Beskrestnov bu məhdudiyyətin StarShield adlı xidmətin hərbi paketi üçün tətbiq edildiyini bildirib. O qeyd edib ki, müdafiə qüvvələrinə bu məhdudiyyət barədə məlumat verilməyib və nəticədə bir sıra tapşırıqların icrasında problemlər yaranıb. Beskrestnov bu hadisənin təsadüf olmadığını və mövcud siyasi vəziyyətlə əlaqəli olduğunu iddia edib.


