Ağ toz olan 100-dən çox məktub ABŞ-da təşvişə səbəb olub
ABŞ Konqresinin 30-dan çox üzvünə və regional seçki komissiyalarının nümayəndələrinə son günlərdə içərisində ağ toz olan məktublar göndərilib.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məktublar seçki komissiyalarının fəaliyyətində fasilələrə və bəzi yerlərdə təxliyəyə səbəb olub. Hadisələr Konqresə aralıq seçkilərə bir neçə həftə qalmış baş verib.
Hüquq-mühafizə orqanları məktubların dövlət rəsmilərini və qanunvericiləri qorxutmaq məqsədi daşıdığını ehtimal edir. Araşdırmaya Federal Təhqiqat Bürosu (FBI) da qoşulub. İlkin ekspertiza zamanı ağ tozun tərkibində təhlükəli maddələr aşkarlanmayıb.
Məlumata görə, ölkənin poçt xidməti vasitəsilə ümumilikdə 100-dən çox belə məktub göndərilib, onların yarıdan çoxu səlahiyyətli qurumlar tərəfindən ələ keçirilib. Hələlik məktubların haradan göndərildiyi və əlaqələndirilmiş hücumun tərkib hissəsi olub-olmadığı müəyyənləşdirilməyib.
ABŞ-da 2001-ci ilin oktyabrında, 11 sentyabr terror hücumlarından sonra qarayara törədicisi olan məktublar ciddi təşviş yaratmışdı. Məktubları Konqres əməkdaşları da daxil olmaqla onlarla insan almışdı. Nəticədə 5 nəfər ölmüş, daha 17 nəfər xəstəxanaya yerləşdirilmişdi.
ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
