"Atlas Group" "BakuBuild 2026"-da sənaye və tikinti sektoru üçün müasir həllər təqdim edib
Azərbaycanın sənaye avadanlıqları və mühəndislik həlləri sahəsində 20 ildən artıq təcrübəyə malik şirkətlərindən biri olan Atlas Group 14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – BakuBuild 2026 və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi – Rebuild Karabakh 2026 çərçivəsində öz məhsul və xidmətlərini nümayiş etdirib.
Üç gün davam edən sərgi ərzində Atlas Group-un stendi ziyarətçilərin marağına səbəb olub. Şirkət nümayəndələri yerli və xarici biznes təmsilçiləri, potensial müştərilər və mövcud tərəfdaşlarla görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sərgidə Atlas Group sənaye, tikinti, infrastruktur, energetika və dağ-mədən sektorları üçün təqdim etdiyi müasir avadanlıqları və kompleks texniki həlləri ziyarətçilərin diqqətinə çatdırıb.
Dünyanın aparıcı sənaye avadanlığı istehsalçıları olan Atlas Copco, Epiroc, Deutz, Hitachi, BAUER, Elcometer, Airblast, Cedima, Graco və digər beynəlxalq brendlərlə əməkdaşlıq edən Atlas Group müştərilərinə yüksək keyfiyyətli avadanlıqlarla yanaşı, peşəkar servis, texniki dəstək, icarə və mühəndislik xidmətləri də təklif edir.
Şirkətin əsas üstünlüklərindən biri müştərilərə yalnız avadanlıq təqdim etməklə kifayətlənməməsi, onların fəaliyyətinin fasiləsizliyini və səmərəliliyini təmin edən kompleks həllərə üstünlük verməsidir.
Atlas Group-un sərgidə iştirakı həm də şirkətin etibarlı texniki tərəfdaş və ekspert brend kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli olub. Sərgi çərçivəsində keçirilən görüşlər mövcud işgüzar münasibətlərin inkişafı, yeni tərəfdaşlıqların qurulması və gələcək layihələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün imkan yaradıb.
Atlas Group bundan sonra da beynəlxalq təcrübəni, qabaqcıl texnologiyaları və peşəkar mühəndislik yanaşmasını birləşdirərək Azərbaycanın sənaye və infrastruktur sektorunun inkişafına töhfə verməyi hədəfləyir.
