İngiltərədə avtobuslarda yüksək səslə musiqi dinləyənlər 100 funt sterlinq cərimələnəcək



İngiltərədə avtobuslarda yüksək səslə musiqi dinləyən və narahatedici davranışlar nümayiş etdirən şəxslərə 100 funt sterlinq məbləğində cərimə tətbiq olunacaq. 

AFN.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin dərc etdiyi təlimata əsasən, 2005-ci ildən İngiltərədə qatarlarda qulaqlıqdan istifadə etmədən yüksək səslə musiqi dinləyən və narahatedici davranışlar göstərən şəxslərə tətbiq olunan cərimə avtobuslara da şamil ediləcək.

Təlimata görə, avtobuslarda qulaqlıqsız yüksək səslə musiqi dinləmək, videoya baxmaq, siqaret çəkmək, səs-küy salmaq, zibil atmaq və ətrafdakılara qarşı təhdidedici hərəkətlər etmək cərimə ilə nəticələnəcək. Bu davranışlara yol verənlər 100 funt sterlinq məbləğində cərimələnəcəklər.

Cərimələrin tətbiqi yerli idarəetmə orqanlarının və yerli nəqliyyat qurumlarının məsuliyyətində olacaq.

Baş nazir Endi Börnham sosial media hesablarında paylaşdığı video ilə yeni qaydanı elan edib. O bildirib ki, ictimai nəqliyyatda ən əsəbiləşdirici hallardan biri qatarda işinizi görməyə, kitab oxumağa və ya nəhayət yatızdıra bildiyiniz uşağınızın yatmasına çalışdığınız zaman kiminsə telefonunda videonu və ya musiqini son səs həddində səsləndirməsidir. Börnham bunun hamının qarşılaşdığı vəziyyət olduğunu qeyd edib.

Qatarlarda antisosial davranışlara qarşı tətbiq olunan tədbirlərin avtobuslarda da həyata keçirilməsi üçün yerli idarəetmə orqanlarına səlahiyyət verildiyini açıqlayan Börnham, qatarda bu videoya baxanlara qulaqlıq taxmağı tövsiyə edib.

İctimai nəqliyyatda antisosial davranışlara görə cərimə nəzərdə tutan qayda nəqliyyat sahəsində kampaniya aparan qruplar tərəfindən müsbət qarşılanıb.

Daha Yaxşı İctimai Nəqliyyat Kampaniyası qrupunun rəhbəri Maykl Solomon BBC-yə açıqlamasında narahatedici davranışların, xüsusilə əlilliyi olan şəxslər başda olmaqla, insanların ictimai nəqliyyatdan istifadəsini azaltdığını bildirib.

Transport Focus qrupunun rəhbəri Aleks Kempbell isə hər 10 sərnişindən 4-nün ictimai nəqliyyatda antisosial davranışların özlərini daha az təhlükəsiz hiss etmələrinə səbəb olduğunu bildirdiyini deyib. Onun sözlərinə görə, yüksək səslə musiqi dinləmək və ya siqaret çəkmək kimi narahatedici davranışları azaltmağa yönələn tədbirlər sərnişinlərin səfər təcrübəsini yaxşılaşdıracaq və ictimai nəqliyyata üstünlük verənlərin sayını artıracaq.

Qatarlarda artıq qüvvədə olan qaydalara əsasən, antisosial davranış göstərən sərnişinlər qatardan endirilə və 1000 funt sterlinqədək cərimələnə bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu