Norveç məhkəməsi Rusiyaya məxsus beş daşınmaz əmlakı müsadirə edib
Norveç məhkəməsi Ukraynanın dövlət şirkəti “Naftoqaz”ın iddiası əsasında Rusiyaya məxsus Oslodakı beş daşınmaz əmlakın müsadirə olunmasına qərar verib.
AFN.az xəbər verir ki, "Verdens Gang" qəzetinin məlumatına görə, iddianın ümumi məbləği 57 milyard Norveç kronunu, təxminən 500 milyard rublu ötür.
Əmlaklar arasında paytaxtın qərbindəki Froqner rayonunda yerləşən çoxmənzilli bina və dörd mənzil-tikinti kooperativi var. İddianın ilkin məbləği 40 milyard kron olub, qalan 17 milyard kron isə faizlər və məhkəmə xərclərindən ibarətdir.
Norveç daha əvvəl də “Naftoqaz”ın iddiası ilə bağlı Rusiya əmlakına yönəlik tədbirlər görüb. Sentyabrın 2-də ölkə hakimiyyəti təxminən 4,22 milyard dollarlıq arbitraj qərarının icrasını təmin etmək məqsədilə Barensburq limanında “Professor Molçanov” gəmisini saxlayıb.
