Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər yaralanıb
Kolumbiyanın Kauka inzibati bölgəsində orduya məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfərin yaralandığı açıqlanıb.
AFN.az xəbər verir ki, Kolumbiya mətbuatının məlumatına görə, UH-60 Black Hawk tipli hərbi helikopter Popayan və İnsa yaşayış məntəqələri arasındakı marşrutda şəxsi heyətin daşınması və təchizat tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
Rəsmilərin açıqlamasında helikopterdə olan 4 ekipaj üzvü və 15 hərbçinin yaralandığı bildirilib. Onlardan 4-də sınıqlar aşkarlanıb, digər 15 nəfər isə müxtəlif zərbələr və əzilmələr səbəbindən müalicəyə götürülüb.
Qəzadan sonra bölgəyə göndərilən hərbi qruplar və təcili yardım əməkdaşları yaralılara ilkin tibbi yardım göstəriblər.
Ordu qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Digər tərəfdən, helikopterin düşdüyü Kauka inzibati bölgəsində yerləşən İnsa yaşayış məntəqəsi sülh sazişini rədd edən keçmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvlərinin yaratdığı EMC və silahlı üsyançı təşkilat olan Milli Azadlıq Ordusu (ELN) kimi qanunsuz silahlı qrupların fəal olduğu strateji dəhliz kimi tanınır.
Hərbi rəsmilər bölgədəki təhlükəsizlik risklərinə baxmayaraq, ilkin araşdırma zamanı helikopterə yerdən atəş açıldığına dair heç bir əlamət aşkarlanmadığını bildiriblər. Onların sözlərinə görə, qəza əlverişsiz hava şəraiti və ya mexaniki nasazlıq səbəbindən baş vermiş ola bilər.
