Dünyanın ən sürətlə böyüyən şəhəri Hindistanda yerləşir: Cakarta isə əhali sayına görə liderdir
World Population Review təşkilatının 2026-cı il məlumatlarına əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin əksəriyyəti Asiya və Afrikada yerləşir.
AFN.az xəbər verir ki, Hindistanın Qaziabad şəhəri illik 5,2 faizlik əhali artımı ilə ilk sırada qərarlaşıb, İndoneziyanın paytaxtı Cakarta isə 41,9 milyon nəfərlik əhalisi ilə dünyanın ən sıx məskunlaşmış şəhəri olub.
İllik əhali artımına görə hazırlanan siyahıda Hindistanın paytaxtı Dehliyə yaxın yerləşən Qaziabad 5,2 faizlik göstərici ilə birinci yeri tutub. Hindistanın Qucarat ştatındakı Surat 4,99 faizlə ikinci, Əfqanıstanın paytaxtı Kabul isə 4,74 faizlə üçüncü olub.
Nigeriyanın Laqos şəhəri 4,44 faizlik artımla dördüncü sırada qərarlaşıb. Meksikanın Toluka şəhəri isə 4,25 faizlik artımla ilk onluğa düşən Asiya və Afrika xaricindəki yeganə şəhər olub.
İllik artım göstəricilərinə görə fərqlənən digər şəhərlər arasında Konqo Demokratik Respublikasının Lubumbaşi şəhəri 4,1 faizlə, Uqandanın paytaxtı Kampala isə 4,03 faizlə yer alıb.
Anqolanın paytaxtı Luanda, Tanzaniyanın Dar əs-Salam şəhəri, Keniyanın paytaxtı Nayrobi, Malinin paytaxtı Bamako, Hindistanın Patna, Rac Kot və Fəridabad şəhərləri, eləcə də Mozambikin paytaxtı Maputu da 4 faizlik artımla siyahıya daxil olub.
Sıralama City Mayors Foundation təşkilatının şəhərlərin böyüməsinə dair məlumatları və Birləşmiş Millətlər Təşkilatının müxtəlif dövrləri əhatə edən əhali proqnozları əsasında hazırlanıb.
Beşillik əhali artımı nəzərdən keçirildikdə Hindistanın Kerala ştatındakı Malappuram şəhəri 44 faizlik artımla ilk sırada yer alıb.
Vyetnamın Kan Tho və Çinin Suqian şəhərləri 37 faizlik artımla Malappuramu izləyib. Keraladakı Kozikode şəhərində əhali 35 faiz, Nigeriyanın paytaxtı Abucada 34 faiz, Çinin Suçjou şəhərində isə 33 faiz artıb.
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri və Çinin Putian şəhəri 32 faizlik artım qeydə alıb. Omanın paytaxtı Maskat və Hindistanın Kollam şəhərində isə əhali 31 faiz artıb.
Əhalisi saatlıq hesabla ən çox artan şəhərlərin başında Dehli gəlib. Onu Şanxay, Dəkkə, Kinşasa, Çuntsin, Lahor, Benqaluru, Laqos, Qahirə və Pekin izləyib.
Dünyanın ən sıx məskunlaşmış şəhərlərinin reytinqi də dəyişib. İndoneziyanın paytaxtı Cakarta 41,9 milyon nəfərlik əhalisi ilə Tokionu geridə qoyaraq ilk sıraya yüksəlib.
Tokionun əhalisi 33,4 milyon nəfər hesablanıb. Banqladeşin paytaxtı Dəkkə isə 36,6 milyon nəfərlə ikinci yerdə qərarlaşıb. Birləşmiş Millətlər Təşkilatı Dəkkənin 2050-ci ilədək dünyanın ən böyük şəhərinə çevrilə biləcəyini proqnozlaşdırır.
Ümumi əhali sayına görə dünyanın ən sıx məskunlaşmış 20 şəhəri aşağıdakı kimi sıralanıb:
1. Cakarta, İndoneziya — 41,9 milyon
2. Dəkkə, Banqladeş — 36,6 milyon
3. Tokio, Yaponiya — 33,4 milyon
4. Dehli, Hindistan — 30,2 milyon
5. Şanxay, Çin — 29,6 milyon
6. Quançjou, Çin — 27,6 milyon
7. Qahirə, Misir — 25,6 milyon
8. Manila, Filippin — 24,7 milyon
9. Kəlküttə, Hindistan — 22,6 milyon
10. Seul, Cənubi Koreya — 22,5 milyon
11. Kəraçi, Pakistan — 21,4 milyon
12. Mumbay, Hindistan — 20,2 milyon
13. San-Paulu, Braziliya — 19 milyon
14. Banqkok, Tailand — 18,2 milyon
15. Mexiko, Meksika — 17,7 milyon
16. Pekin, Çin — 17 milyon
17. Lahor, Pakistan — 15,2 milyon
18. İstanbul, Türkiyə — 15 milyon
19. Moskva, Rusiya — 14,5 milyon
20. Ho Şi Min şəhəri, Vyetnam — 14,1 milyon
World Population Review təşkilatının məlumatına görə, dünya əhalisinin təxminən 55 faizi şəhərlərdə yaşayır. Bu göstəricinin 2050-ci ilədək 68 faizə yüksələcəyi gözlənilir.
Şəhərlərin daha çox iş imkanı, yüksək əməkhaqqı, təhsil imkanları və xidmətlərə çıxış təklif etməsi urbanizasiyanın əsas səbəbləri arasında göstərilir. Asiya və Afrika şəhərləri isə əhali artımının sürəti ilə seçilir.
Birləşmiş Millətlər Təşkilatının 2018–2050-ci illəri əhatə edən proqnozlarına əsasən, dünya üzrə şəhər əhalisinin artımının 35 faizinin Hindistan, Çin və Nigeriyada baş verəcəyi gözlənilir.
Lakin sürətli böyümə şəhər infrastrukturu üzərindəki təzyiqi də artırır. World Population Review bir çox şəhərin mövcud infrastrukturunun əhali artımına çatdırılmadığına diqqət çəkir.
Nigeriyanın Laqos şəhərində əhalinin 10 faizindən azının kanalizasiya sisteminə qoşulmuş evlərdə yaşadığı, 20 faizindən azının isə mərkəzləşdirilmiş su təchizatına çıxışının olduğu bildirilir. Şəhərdə çoxsaylı insan kənar ərazilərdəki gecəqondularda və plansız məskunlaşma zonalarında yaşayır.
