Fransada etirazların qarşısını almaq üçün hərbçilər polisə dəstək verəcək
Fransa hakimiyyəti oktyabrın 24-də keçiriləcək etirazlar zamanı asayişin qorunması üçün hərbçiləri polis və jandarmeriyaya dəstək məqsədilə cəlb edə bilər.
AFN.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Loran Nünyes bildirib.
Nazirin sözlərinə görə, terrorla mübarizə məqsədilə yaradılmış Sentinelle əməliyyatında iştirak edən hərbçilər əsasən sabit obyektlərin mühafizəsini həyata keçirəcək. Bu, polis və jandarm qüvvələrinin ictimai asayişin qorunmasına yönəldilməsinə imkan verəcək.
Nünyes mümkün iğtişaşlarla əlaqədar zirehli transportyorların, jandarmeriyanın xüsusi təyinatlı qüvvələrinin və helikopterlərin istifadəsinin də nəzərdən keçirildiyini deyib. Fransa hakimiyyəti həmçinin qarətçilərin daha operativ izlənməsi üçün yeni fəaliyyət strategiyası hazırlayır.
Fransada 2015-ci ildən fəaliyyət göstərən Sentinelle əməliyyatında 10 min hərbçi iştirak edir.
Ötən həftəsonu yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı ölkə üzrə keçirilən aksiyalarda təşkilatçıların hesablamasına görə, 800 min, Daxili İşlər Nazirliyinin məlumatına görə isə 550 min nəfər iştirak edib. Bir sıra şəhərlərdə nümayişlər iğtişaşlara çevrilib. Ədliyyə naziri Jerald Darmanenin sözlərinə görə, oktyabrın 17-də ölkədə təxminən 3 min mağaza qarət edilib, 2 500-dən çox şəxs saxlanılıb.
