Makron: Respublikanı devirməyə çalışanlar əməllərinə görə cavab verməlidir
Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən etirazlarla bağlı dağıntılara səbəb olanların bunun əvəzini ödəməli, Respublikanı devirməyə çalışanların isə əməllərinə görə cavab verməli olduğunu bildirib.
AFN.az xəbər verir ki, Fransa üzrə keçirilən nümayişlərdə təxminən 2 400 nəfər saxlanılıb, 1 000-ə yaxın polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb.
Fransa Prezidenti Emmanuel Makron sarı jiletlilərin nümayişləri zamanı baş verən zorakılıq və talan hadisələrindən sonra daxili işlər naziri Loran Nünezın istefasını qəbul etməyib. Ölkə üzrə keçirilən nümayişlərdə təxminən 2 400 nəfər saxlanılıb, 1 000-ə yaxın polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb.
Makron oktyabrın 17-də ölkə üzrə təşkil olunan sarı jiletlilərin nümayişləri zamanı baş verən zorakılıq hadisələrindən sonra xalqa müraciət edib.
Ölkənin nizam-intizama və sakitliyə ehtiyacı olduğunu vurğulayan Makron, hadisələrə ifrat solçu qrupların və cinayətkar ünsürlərin qarışdığını iddia edib. O, çoxsaylı mağazaların talan edildiyini, dövlət binalarına ziyan vurulduğunu bildirib.
Siyasi partiyaları və həmkarlar ittifaqlarını zorakılığı açıq şəkildə pisləməyə çağıran Makron zərər çəkmiş sahibkarlara qısa müddətdə dəstək göstəriləcəyini bildirib. Təhlükəsizlik və kəşfiyyat sahəsindəki çatışmazlıqların araşdırılması barədə göstəriş verdiyini qeyd edən Makron talançıların vurduqları ziyanı ödəməli, Respublikanı devirməyə çalışanların isə əməllərinə görə cavab verməli olduğunu deyib.
Makron ictimai asayişin qorunması üçün zəruri hesab edilərsə, bəzi nümayişlərin qadağan oluna biləcəyini də açıqlayıb.
Fransanın daxili işlər naziri Loran Nünez nümayişlər zamanı baş verən zorakılıq hadisələrinə görə məsuliyyəti üzərinə götürərək istefasını təqdim edib. Nünez oktyabrın 17-də keçirilən nümayişlərdə 200 min nəfərin iştirakının gözlənildiyini, lakin iştirakçıların sayının 550 mini keçdiyini bildirib.
Yüzlərlə mağazanın talan edildiyini xatırladan Nünez baş verənlər fonunda vəziyyətə nəzarətin itirilmədiyini söyləməyin mümkün olmadığını qeyd edib.
Yelisey Sarayının açıqlamasında Makronun hüquq-mühafizə orqanlarının idarəçiliyində davamlılığın təmin edilməsinin vacibliyini əsas gətirərək istefanı qəbul etmədiyi bildirilib.
Makron Nünezə küçələrdə zorakılıq hadisələrində iştirak edənlərə qarşı yeni üsulların sürətlə tətbiq olunması barədə göstəriş verib. O, təhlükəsizlik tədbirləri və kəşfiyyat sahəsindəki çatışmazlıqların şəffaf şəkildə qiymətləndirilməsini istəyib.
Fransa üzrə keçirilən nümayişlərdə təxminən 2 400 nəfər saxlanılıb, 1 000-ə yaxın polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb.
Parisdə bir nümayişçi özünü pis hiss etdikdən sonra həyatını itirib, Sen-Etyen şəhərində isə bir nümayişçinin əli qopub. Zorakılıq hadisələrinin xüsusilə böyük şəhərlərdə ciddi ziyana səbəb olduğu bildirilib.
Sarı jiletlilərin nümayişləri zamanı baş verən hadisələr siyasi dairələrdə də müzakirələrə yol açıb. Solçu, ekoloji yönümlü və ifrat sağçı siyasətçilər təhlükəsizlik tədbirlərinin yetərli olmadığını iddia edərək Nünezı istefaya çağırıblar.

