Yaponiya və ABŞ-ın təlimlərində 57 mindən çox hərbçi iştirak edir
Yaponiya və ABŞ-ın 57 mindən çox hərbçinin iştirak etdiyi genişmiqyaslı birgə “Keen Sword” hərbi təlimləri başlayıb.
AFN.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, oktyabrın 29-dək davam edəcək təlimlər Tayvan bölgəsindən Yaponiyanın ən şimal adası Hokkaydoya qədər geniş əraziləri və akvatoriyaları əhatə edəcək.
Təlimlərdə Yaponiya tərəfindən 45 min, ABŞ tərəfindən isə təxminən 12 min hərbçi, 300-dək təyyarə, döyüş gəmiləri və çoxsaylı quru texnikası iştirak edəcək. Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha yeddi ölkənin bölmələrinin iştirakı planlaşdırılır.
Təlimlər zamanı Yaponiyanın təxminən 1000 kilometr mənzilli yeni mobil “Tip-25” yerüstü raketləri ilk dəfə nümayiş etdiriləcək. Hərbçilər bu silahların hədəfə yönəldilməsi və tətbiqi üzrə qarşılıqlı fəaliyyəti məşq edəcəklər, lakin raketlərin real buraxılışı həyata keçirilməyəcək.
ABŞ qüvvələri də ilk dəfə Yaponiyanın Yonaguni adasında yeni NMESIS mobil pilotsuz raket komplekslərini və dronlara, eləcə də digər alçaqdan uçan hədəflərə qarşı nəzərdə tutulan MADIS mobil qurğularını yerləşdirəcək.
Hokkaydo adasında və Honsyu adasının şimal-şərqində ballistik raket zərbələrinin və hava hücumlarının dəf edilməsi üzrə təlimlər keçiriləcək. Yaponiyanın müxtəlif bölgələrində paraşüt və dəniz desantları, yaralıların təxliyəsi üzrə birgə fəaliyyət məşq olunacaq. Həmçinin kosmosda və kiberməkanda hücumlar zamanı əməliyyatların aparılması nəzərdə tutulur.
“Keen Sword” təlimləri iki ildən bir ABŞ-Yaponiya birgə “Keen Edge” komanda-qərargah təlimləri ilə növbəli şəkildə keçirilir.


